“Şimali Kipirlə bağlı fərqli və önəmli hadisələrin şahidi olacağıq”— ÖZƏL

Türk Dövlətləri Təşkilatının (TDT) 21 mayda Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilatın müşahidəçi üzvü olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) iştirak etməyib.
 Şimali Kipr Türk Cümhuriyyətinin  görüşdə iştirak etməməsi hansı siyasi və diplomatik səbəblərlə əlaqələndirilə bilər?
Bu hadisə Türk Dövlətləri Təşkilatının gələcəkdə bölgədəki birlik və inteqrasiya proseslərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki,   Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında niyə iştirak etmədiyini hazırda dəqiq söyləmək çətindir. Burada müxtəlif səbəblər ola bilər. Bu səbəblər sırasında Mərkəzi Asiya dövlətlərinin Cənubi Kiprlə bağlı son qərarlarını da qeyd etmək olar. Digər tərəfdən, görüşün qeyri-rəsmi xarakter daşıması səbəbilə müşahidəçi tərəfin özü də iştirak etməməyi seçmiş ola bilər.  Lakin Şimali Kiprin iştirak edib-etməməsindən asılı olmayaraq, zirvə görüşündə qəbul olunan qərarlara və səsləndirilən bəyanatlara baxdıqda aydın görünür ki, Şimali Kipr Türk Cümhuriyyətinə də orada diqqət yetirilib. Yəni, bu ölkə unudulmayıb. Onunla bağlı müzakirələr aparılıb və hətta bu ölkənin təşkilatın fəaliyyətinə verdiyi dəstək xüsusi olaraq vurğulanıb.Bu da onu göstərir ki, Türk Dövlətləri Təşkilatı digər türk yurtlarını  olduğu kimi, Şimali Kipr Türk Cümhuriyyətini də diqqətdə saxlayır. Bu ölkənin gələcəkdə təşkilatın fəaliyyət istiqamətləri çərçivəsində nəzərdə tutulması məsələsi aktual olaraq qalır. Qeyd edək ki, bu toplantı qeyri-rəsmi  zirvə görüşü idi. Bu cür toplantılara qatılmamaq, həmin ölkənin unudulduğu və ya təşkilatdakı yerinin sual altına düşdüyü anlamına gəlmir.
Gözləmək olar ki, qarşıdakı rəsmi zirvə toplantılarında Şimali Kipr tərəfi yenidən müşahidəçi üzv qismində iştirak edəcək və təşkilatın fəaliyyətində öz töhfəsini verəcək.Eyni zamanda unutmamalıyıq ki, Şimali Kipr məsələsi türk dünyası üçün kritik əhəmiyyət daşıyır. Hərçənd ki, bu ölkənin müstəqilliyi beynəlxalq səviyyədə tanınmayıb, orada de-fakto bir dövlət mövcuddur. Bu dövlət tamamilə türklərin yaşadığı, milli kimliklərini qoruyaraq, hüquqlarını və azad yaşamaq haqlarını müdafiə edən bir cümhuriyyətdir.Gələcəkdə Şimali Kipr Türk Cümhuriyyətinin tanınması məsələsinin də aktuallaşması mümkündür. Necə ki, bu gün Fələstin məsələsində iki dövlətli həll yolu dünya gündəminə oturub və bölgədə sülhün əldə edilməsi üçün yeganə yol kimi göstərilir. Eləcə də, zaman keçdikcə Kipr probleminin həllində də iki dövlətli yanaşma beynəlxalq miqyasda əsas həll yolu kimi qəbul ediləcək və o zaman Şimali Kipr Türk Cümhuriyyəti də müstəqil və tam hüquqlu şəkildə Türk Dövlətləri Təşkilatında yer alacaq.Hazırda isə tələsməyə ehtiyac yoxdur. Hadisələrdən dərhal nəticə çıxarıb yekun fikir bildirmək düzgün olmaz. Siyasət daim dəyişkəndir. Bu gün müəyyən tərəflər hansısa tədbirlərdə iştirak edir, sabah həmin tədbirlərdən uzaq qala bilər, ya da münasibətlərdə dəyişiklik baş verə bilər. Bugünkü gərgin münasibətlər bir müddət sonra yenidən ortaq platformada birləşməklə nəticələnə bilər.Şimali Kipr məsələsi ilə bağlı yekun fikir söyləmək indilikdə tezdir və düşünürəm ki, buna ehtiyac da yoxdur. Hazırda prosesləri izləmək lazımdır. Türk dünyası genişləndikcə və güc mərkəzinə çevrildikcə, dünya siyasətində söz sahibi olduqca biz Şimali Kipirlə bağlı fərqli və önəmli hadisələrin şahidi olacağıq.O zamana qədər isə səbirlə gözləmək və hadisələri mənfi yöndə yozmamaq ən doğru yanaşma olacaq."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31