COP29-da əldə olunmuş konsensus “Bakı sıçrayışı” kimi tarixə düşdü- ÖZƏL

"Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun növbəti təntənəsi oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın COP29 kimi mühüm bir qlobal tədbiri uğurla təşkil etdiyini vurğuladı. 77 min iştirakçının və 70-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu tədbir Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərdi. COP29-da inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması və karbon bazarlarının tənzimlənməsi üzrə əldə olunmuş konsensus "Bakı sıçrayışı" kimi tarixə düşdü. Azərbaycan bir daha göstərdi ki, təkcə regional deyil, həm də qlobal problemlərin həllində lider mövqeyindədir.

COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişi Türk dövlətləri arasında enerji təhlükəsizliyinin və ekoloji davamlılığın təmin olunması baxımından mühüm addımdır. Bu saziş ölkələrimiz üçün yaşıl enerjinin istehsalı və ixracı baxımından yeni perspektivlər açır.

Prezident İlham Əliyevin Budapeştdəki çıxışı bir daha sübut etdi ki, o, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının strateji maraqlarını müdafiə edən, davamlı inteqrasiyaya töhfə verən uzaqgörən liderdir. Onun təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatı daha da güclənir, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, həm ölkəmiz, həm də bütün türk coğrafiyası üçün sabitlik, inkişaf və tərəqqi deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31