Azərbaycan-Macarıstan münasibətlərində enerji sahəsi xüsusi yer tutur- ÖZƏL

"Azərbaycan-Macarıstan münasibətlərində enerji sahəsi xüsusi yer tutur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Macarıstan şirkətləri ölkəmizin əsas neft və qaz layihələrində - "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"də iştirak edir, gələn ilin əvvəlində isə daha bir yeni kontraktın imzalanması gözlənilir. Bununla yanaşı, Azərbaycan artıq Macarıstana təbii qaz ixracına başlayıb və bu sahədə əməkdaşlıq sürətlə genişlənməkdədir. Enerji təhlükəsizliyi məsələlərinin Avropa gündəmində prioritet təşkil etdiyi bir dövrdə Azərbaycanın etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi çıxış etməsi Macarıstan üçün strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı qaz təchizatında şaxələndirməni təşviq edir və bu istiqamətdə Macarıslanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları, güclü nəqliyyat infrastrukturu və geniş beynəlxalq enerji şəbəkəsinə inteqrasiyası Macarıstana təbii qaz ixracının həcmini tədricən artırmağa real imkanlar yaradır. Həmçinin bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin Avropa üçün strateji rolunu bir daha təsdiqləyir və dövlətimizin enerji strategiyasının əsas elementlərindən biri kimi Avropa bazarlarında iştirakını möhkəmləndirir. Beləliklə, enerji sahəsindəki bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan da xüsusi önəm daşıyır. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası tərəfindən Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi tanınır. Azərbaycan və Macarıstan yaşıl enerji sahəsində də fəal əməkdaşlıq edir. Ölkəmiz yaxın beş ildə 6 min meqavat gücündə yaşıl enerji istehsalı planlaşdırır ki, bu da təxminən 3-4 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu resursların əsas ixrac istiqamətləri sırasında Macarıstan da yer alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31