Bakı və Budapeşt arasında birgə maraqlar yeni əməkdaşlığa imkan yaradır- ÖZƏL

"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilmiş görüşlər və verilən bəyanatlar hər iki dövlətin ortaq dəyərlərə və strateji məqsədlərə əsaslanan səmimi və sabit münasibətlərinin dərinləşdiyini bir daha sübut edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Tarixi amillər, əhalinin sayı və ərazi ölçülərinin yaxınlığı, habelə hər iki ölkənin açıq dənizlərə birbaşa çıxışının olmaması və qarşılaşdığı təhlükəsizlik çağırışları Azərbaycan və Macarıstan arasında mühüm paralellər yaratmaqdadır. Bu ümumi xüsusiyyətlər ölkələrimiz arasında strateji əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır. Hər iki xalqın öz tarixi-mədəni irsinə dərin bağlılığı, bu dost dövlətlərin müstəqil siyasət yürütməsi, regional və qlobal proseslərə yanaşmada bənzər mövqelər tutmaları qarşılıqlı anlaşmanı daha da möhkəmləndirir. Eyni zamanda, müharibə aparan dövlətlərlə həmsərhəd olmaq və regional təhlükəsizliklə bağlı oxşar çağırışlarla üzləşmək rəsmi Bakı və Budapeşt arasında birgə maraqlar əsasında yeni əməkdaşlıq formatlarının formalaşmasına imkan yaradır. Belə bir geosiyasi reallıqda qarşılıqlı etimad və strateji tərəfdaşlıq həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də sabitlik və rifaha töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31