“Ukrayna ilə əməkdaşlıq yalnız müsbət imkanlarla deyil…”— ÖZƏL

Ukraynanın xarici işlər naziri Andrey Sıbiga 2025-ci il mayın 25-26-da Azərbaycana gələcək. Bu səfər sadə protokol görüşü deyil, iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan ciddi əməkdaşlığın göstəricisidir. Azərbaycanla Ukrayna hər hansı hərbi ittifaqa qoşulmadan, öz müstəqil siyasətlərini aparırlar. Onları birləşdirən əsas məqam - ərazi itkiləri, müharibə təcrübəsi və suverenlik uğrunda mübarizədir. Əməkdaşlığın əsas sahələrindən biri enerji sektorudur. SOCAR hazırda Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi ilə fəaliyyət göstərir.
Maraqlıdır, Azərbaycanla Ukrayna arasında bu tip müstəqil və praqmatik əməkdaşlıq Bakı üçün beynəlxalq siyasətdə hansı yeni imkanlar və risklər yarada bilər?

Mövzu ilə bağlı politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib ki, "Ukraynanın Xarici İşlər Nazirinin Azərbaycana gözlənilən səfəri iki ölkə arasında əməkdaşlığın irəlilədilməsi baxımından yeni imkan və yeni bir səhifə deməkdir. Azərbaycan və Ukrayna arasında münasibətlər 1991-ci illərdən bu günə qədər dinamik xətlə inkişaf etmişdir. Bu gün ölkələrimiz arasında ticarət, iqtisadiyyat, investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq mövcuddur.Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanımış və işğal altında olan bütün beş ərazini Ukraynanın tərkib hissəsi kimi qəbul etmişdir. Bu yanaşma beynəlxalq hüquqa əsaslanır və hüquqi baxımdan da belə tanınır. Eyni zamanda, Ukrayna da daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və bu mövqeyini həm beynəlxalq platformalarda, həm də ikitərəfli görüşlərdə dəfələrlə bəyan etmişdir.Hazırkı mərhələdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində də əməkdaşlıq davam edir. Xüsusilə, SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələrinin mövcudluğu bu əməkdaşlığın praktik nümunəsidir. Bundan başqa, Azərbaycan bu günə qədər Ukraynaya dəfələrlə humanitar yardım göndərmişdir.Şübhəsiz ki, Ukrayna ilə əməkdaşlıq yalnız müsbət imkanlarla deyil, müəyyən risklərlə də müşayiət olunur. Bu risklərin başlıcası Ukraynanın hazırda müharibə şəraitində olmasıdır. Müharibə şəraitində olan bir ölkədə sabit və əlverişli investisiya mühitinin formalaşması çətin olur. Müharibə səbəbindən tez-tez baş verən dağıntılar, infrastruktur və nəqliyyat sisteminin zədələnməsi ölkənin iqtisadi inkişafına və xarici əməkdaşlıqlara təsir göstərən mühüm amillərdəndir.Bununla belə, Azərbaycanın Ukrayna ilə əməkdaşlığı yalnız iqtisadi və praqmatik amillərə əsaslanmır. Burada iki ölkəni birləşdirən ümumi dəyərlərin mövcudluğu və Azərbaycanın həyata keçirdiyi humanist, humanitar siyasət də əhəmiyyətli rol oynayır.Nəzərə almaq lazımdır ki, bu müharibə bir gün sona çatacaq. Müharibədən sonrakı dövrdə zəngin təbii və kritik resurslara malik olan Ukrayna, Avropa ilə Rusiya arasında yerləşən strateji mövqeyi ilə əməkdaşlıq üçün cazibədar tərəfdaş olacaq. Artıq Qərb dövlətləri Ukraynanın bərpası istiqamətində səfərbər olub, bu ölkəyə iri investisiyalar yatırmağa hazırlaşırlar. Bütün bu faktorları nəzərə alaraq demək olar ki, Ukraynanın böyük iqtisadi inkişaf potensialı var və bu, gələcəkdə bu ölkə ilə əməkdaşlıq edən hər bir tərəf üçün müsbət faydalar əldə edəcəyi  anlamına gəlir. " 

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31