İranın verdiyi mesaj, qlobal siyasi nizam üçün ciddi bir imtahandır –Turan Rzayev- ÖZƏL

İranın ali dini lideri Əli Xamenei bildirib ki, uranı zənginləşdirmək üçün heç kimdən icazə almayacaqlar. Bu açıqlama ABŞ-lə dolaylı danışıqların getdiyi bir vaxtda verilib və vəziyyəti daha da gərginləşdirib. ABŞ və İsrailin İranın nüvə proqramına qarşı mümkün hərbi ssenariləri müzakirə etdiyi də bildirilir.

Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, İranın verdiyi mesaj, qlobal siyasi nizam üçün ciddi bir imtahandır:

"İranın nüvə proqramı ilə bağlı gərginlik, artıq illərdir ki, beynəlxalq siyasətə yön verən ən mühüm məsələlərdən biridir. ABŞ və İran arasında əldə edilən 2015-ci il Nüvə Anlaşmasının çöküşü ilə başlayan dövr, regionda yeni risklər və qarşıdurmaların yaranmasına səbəb olub. İran, bu anlaşmadan imtina etməsiylə öz nüvə fəaliyyətlərini yenidən aktivləşdirdi. 
Əli Xamenei, ABŞ və digər böyük güclərdən heç bir icazə almayacağını açıq şəkildə bəyan etməsi İranın daxili siyasətində, həm də beynəlxalq münasibətlərində ciddi nəticələr doğura bilər. Xamenei, öz xalqına və digər region ölkələrinə verdiyi bu mesajla, İranın müstəqil bir oyunçu kimi fəaliyyət göstərdiyini və bu mövqeyini heç kimə təhvil verməyəcəyini qeyd edir.
ABŞ-nin bu bəyanata necə cavab verəcəyi, danışıqların gələcəyini müəyyən edəcək. Çünki Vaşinqton, həm diplomatik, həm də hərbi vasitələrlə Tehranı nüvə silahı istehsalından çəkindirməyə çalışır. Lakin Xameneichr("39")nin açıq şəkildə beynəlxalq təsirə etibar etməməsi, ABŞ-nin İranla gediş-gəlişlərdə daha sərt mövqe tutmasına səbəb ola bilər. Bu, iki tərəf arasında daha da böyük bir münaqişə riski yaradır. Eyni zamanda, İsrailin İranın nüvə proqramına qarşı hərbi müdaxilə ehtimallarını müzakirə etməsi, artıq bir müharibə ehtimalını ortada qoyur. Bu da xüsusilə Fars körfəzi və Yaxın Şərq regionunda ciddi gərginliyə səbəb ola bilər.
İranın öz müstəqilliyini və nüvə hüququnu müdafiə etmək məqsədilə verdiyi mesaj, qlobal siyasi və hərbi nizamı yenidən nizamlamaq üçün bir imtahan ola bilər. Bu sınaq, həm diplomatik, həm də hərbi vasitələrlə həll olunmağa çalışılacaq, lakin nəticə olaraq, regionda yeni bir münaqişənin yaranma ehtimalı hər keçən gün daha da artmaqdadır.
Bu, yalnız İranın nüvə silahları ilə bağlı deyil, həm də bütün regional güclərin geosiyasi gələcəkləri ilə bağlı strateji qərarların verilməsi üçün bir mərhələdir. Bu səbəbdən, bu məsələnin həlli yalnız İranla deyil, həm də dünya gücləri ilə geniş bir qarşıdurma şəklində ortaya çıxa bilər. Bu vəziyyətin idarə olunması, yalnız diplomatik səylər deyil, eyni zamanda hərbi balansın nə dərəcədə qorunmasına bağlı olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31