“Azərbaycan artıq yalnız körpü yox, həm də körpünün memarıdır” – Bəhruz Quliyev – ÖZƏL
14:43 SiyasətBudapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, Azərbaycan son illərdə nəqliyyat infrastrukturuna böyük sərmayələr qoyaraq, açıq dənizlərə çıxışı olmasa da, Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilmişdir.
Azərbaycan tranzit ölkə kimi gücləndikcə Türk Dövlətləri Təşkilatı daxilində regional təsiri necə dəyişə bilər? Orta Dəhlizin rəqəmsallaşdırılması Türk dövlətləri arasında iqtisadi inteqrasiyaya hansı töhfələri verə bilər?
"Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışında səslənən nüanslar bir daha sübut etdi ki, Azərbaycan artıq regionun yalnız enerji ixracatçısı deyil, eyni zamanda mühüm nəqliyyat və logistika qovşağı kimi çıxış edir. Cənab Prezidentin qeyd etdiyi kimi, açıq dənizlərə çıxışı olmayan bir ölkənin Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilməsi təsadüfi deyil - bu, illərlə aparılan məqsədyönlü siyasətin, strateji baxışın və zamanında atılmış addımların nəticəsidir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, 2024-cü ildə Azərbaycan üzərindən Türkiyə və Mərkəzi Asiya ölkələrinin tranzit daşımalarının həcminin 11 milyon tona çatması göstərir ki, Bakı-Tbilisi-Qars dəmir yolu və digər infrastruktur layihələri artıq real nəticələr verir. Daşıma gücünün artırılması və Orta Dəhlizin rəqəmsallaşdırılması isə Türk dövlətlərinin iqtisadi gələcəyində yeni bir mərhələnin başlanğıcı ola bilər:
"Orta Dəhlizin rəqəmsallaşdırılması isə yük və informasiya axınlarının sinxron şəkildə, itkisiz və sürətli idarə olunması deməkdir. Yəni burada artıq təkcə yollar və dəmir yolları deyil, həm də "rəqəmsal körpülər" qurulur. Bu, Türk dövlətləri arasında gömrük, logistika, tarif və nəqliyyat sistemlərinin bir-birinə inteqrasiya olunması, ortaq platformalar vasitəsilə yük axınlarının vahid şəkildə idarə olunması deməkdir. Bu proses həm iqtisadi, həm siyasi baxımdan əhəmiyyətlidir. İqtisadi baxımdan gətirəcəyi əsas töhfə ticarət dövriyyəsinin sürətlə artması, logistika xərclərinin azalması və regiondaxili istehsal zəncirlərinin yaranmasıdır. Siyasi baxımdan isə bu, Türk Dövlətləri Təşkilatını real iqtisadi və strateji bloka çevirə bilər. Azərbaycanın bu prosesdə oynadığı rol isə yalnız coğrafi üstünlüyə deyil, həm də siyasi iradəyə söykənir. Prezident İlham Əliyevin liderliyində yürüdülən balanslı, açıq və strateji baxışlı siyasət sayəsində ölkəmiz artıq sadəcə körpü deyil, həm də körpünün memarıdır".
B. Quliyev sonda qeyd edib ki, Azərbaycan tranzit ölkə kimi gücləndikcə, Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq təsir gücü də artacaq. Bu, təkcə iqtisadi yox, həm də mədəni, siyasi və təhlükəsizlik sahələrində inteqrasiyanı dərinləşdirəcək. Orta Dəhliz isə bu prosesin əsas arteriyası olacaq - həm yük, həm ideya, həm də gələcək daşıyıcısı kimi.
Səidə Ramazanova