“…BƏƏ beynəlxalq siyasətə də ciddi təsir göstərən ölkələr sırasında yer alır”– ÖZƏL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlarda əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın dərinləşməsi, regionda  Azərbaycanın mövqeyinə və ərəb dünyası ilə münasibətlərinə necə təsir göstərə bilər?

Politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycan son illərdə xarici siyasətində Yaxın Orta Şərq və Asiya istiqamətini də canlandırıb və xüsusilə də Körfəz ölkələri ilə münasibətlər ciddi şəkildə dərinləşib. Bu ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xüsusi yer tutur və iki tərəf arasında çox ciddi layihələr həyata keçirilməkdədir.Birləşmiş Ərəb Əmirliklərinin enerji şirkətləri, xüsusilə bərpa olunan enerji sahəsində,  Azərbaycana investisiyalar yatırırlar.  Azərbaycanın dövlət başçısının BƏƏ-yə səfəri və onun ardınca BƏƏ nümayəndə heyətlərinin davamlı şəkildə  Azərbaycana səfərləri, bərpa olunan enerji stansiyalarının açılışında iştirakı, COP29 çərçivəsində əməkdaşlıq və digər faktlar tərəflər arasında münasibətlərin dərinləşməsindən xəbər verir.Azərbaycan Xarici İşlər Nazirliyinin son dövrlərdə Körfəz bölgəsinə, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfərlər ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Birləşmiş Ərəb Əmirlikləri Yaxın  Orta Şərqdəki önəmli ölkələrdən biridir və dünyada, o cümlədən regionda, çox ciddi maliyyə qaynaqlarına malikdir. Bu ölkə Yaxın   Orta Şərqdəki proseslərə ciddi təsir göstərən bir ölkədir. Dünyanın müxtəlif bölgələrində investor qismində iştirak edən BƏƏ beynəlxalq siyasətə də ciddi təsir göstərən ölkələr sırasında yer alır. Bu baxımdan  Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına tam uyğundur. Xüsusilə də  BƏƏ-dən olan investorların Azərbaycana yatırdıqları investisiyalar, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və yaşıl, bərpa olunan enerji istehsalı sahəsində həyata keçirilən layihələr xüsusi əhəmiyyət kəsb edir."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31