TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclası keçirilib

Mayın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının "TÜRKPA üzv dövlətlərində təhsil sahəsində proseslərin uyğunlaşdırılması: problemlər və inkişaf perspektivləri" mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib. İclasda TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müavini, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və komissiyanın üzvü, deputat Hikmət Məmmədov iştirak ediblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Çıxışı zamanı Günay Əfəndiyeva komissiyanın hesabatına istinadən qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir sıra ikitərəfli təhsil sazişlərinin imzalanması və ortaq universitetlərin yaradılması bu sahədə atılmış mühüm addımlar sırasındadır. O bildirib ki, bu təşəbbüslər yalnız təhsil sahəsində əməkdaşlığın dərinləşməsinə deyil, eyni zamanda ümumtürk inteqrasiyasının sürətlənməsinə və gələcək nəsillərin ortaq dəyərlər əsasında formalaşmasına xidmət edir.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov iclasda Türk dövlətləri arasında təhsil və tədris prosesinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

İclasın sonunda komissiyanın əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə xarakterli qərarlar müzakirə olunub. Müzakirələr nəticəsində "Uşaqların sağlamlığı və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında" Model Qanunun hazırlanmasına dair qərar qəbul edilib.

Həmin gün TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası çərçivəsində "TÜRKPA üzv dövlətlərində təhsil sahəsində müasir çağırışlar, problemlər və inkişaf yolları" mövzusunda seminarı keçirilib. Tədbirə TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Ulan Bakasov moderatorluq edib.

Seminarda çıxış edən Azərbaycan Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Şöbəsinin müdiri Çapay Məmmədov, nazirliyin Türk dövlətləri ilə təhsil sahəsində fəal əməkdaşlıq etdiyini bildirib. O, 2024-cü ildə Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin VIII iclasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin, ortaq proqramların hazırlanmasının və məktəblilərin ortaq türk tarixini və mədəniyyətini öyrənməsinin vacibliyinin vurğulandığını qeyd edib, seminarın mövzusu barədə öz fikirlərini səsləndirib.

Çıxışının sonunda Təhsil Nazirliyinin şöbə müdiri, TÜRKPA üzv dövlətləri arasında təhsil sahəsində əməkdaşlığının inkişafı, problemlərin həlli və təhsil sistemlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ortaq strategiyaların hazırlanmasının vacibliyini vurğulayıb.

Sonra, Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin Elm və İnnovasiyalar Departamentinin aparıcı mütəxəssisi Ayjan Karibekova, Türkiyə Respublikası Ali Təhsil Şurasının müşaviri İlyas Kara, Milli Təhsil Nazirliyi Milli Təhsil Akademiyasının eksperti Murat Akkuş və nazirliyin Beynəlxalq Təşkilatlar Şöbəsi, Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin ekspert müəllimi Şeyma Nur Dündar çıxış ediblər. Çıxışçılar Türk dövlətləri arasında elm, təhsil, mədəniyyət və humanitar sahələrdə ortaq fəaliyyətlərin gələcək perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

TÜRKPA-nın iclasında türk dövlətləri arasında təhsil və tədris prosesinin inkişafı müzakirə edilib

TÜRKPA-nın iclasında türk dövlətləri arasında təhsil və tədris prosesinin inkişafı müzakirə edilib
TÜRKPA-nın iclasında türk dövlətləri arasında təhsil və tədris prosesinin inkişafı müzakirə edilib
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31