Böyük Qayıdış: Azad olunmuş ərazilərə qayıdış milli yaddaşın bərpası, tarixi dəyərlərin dirçəlişi ilə bağlıdır
16 May 16:06 SiyasətAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Neoklassika" konsept mesajı ilə təşkil olunmuş Milli Marketinq Forumuna təşkilati dəstək verib.
Bu barədə Olaylar.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, üç gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyev xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident Mehriban Əliyeva onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyini bildirib.
Sədr müavini azad olunmuş ərazilərə qayıdış prosesinin təkcə bərpa-quruculuq işləri ilə deyil, həm də milli yaddaşın bərpası, tarixi dəyərlərin dirçəlişi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Forumda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub.