PYD/YPG təhdidi Türkiyə üçün yalnız hərbi deyil, ideoloji mübarizə tələb edir" – Tural İsmayılov - ÖZƏL
15:57 Siyasət"Türkiyə üçün Suriyada PYD/YPG-nin mövcudluğu birbaşa təhlükəsizlik, siyasi və coğrafi risklər yaradır. Bu qruplaşmaların PKK ilə əlaqələri Ankaranın daxili təhlükəsizliyini zəiflədir, sərhəd zonasında terror hücumları ehtimalını artırır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, PYD/YPG-nin varlığı Türkiyə üçün coğrafi və siyasi risklər yaradır:
"Özünüidarə strukturları regionda etnik separatçılığı stimullaşdıraraq Türkiyənin cənub-şərqindəki vəziyyəti destabilizasiya edə bilər. Həmçinin, Suriya şimalında formalaşan muxtariyyət bölgəsi Türkiyə ilə Suriya arasında təbii təhlükəsizlik zonasını aradan qaldırır, strateji dərinliyi məhdudlaşdırır. Türkiyə PYD/YPG təhdidini neytrallaşdırmaq üçün çoxsəviyyəli diplomatik təzyiq strategiyasına əsaslana bilər. ABŞ və NATO ilə tərəfdaşlıq çərçivəsində YPG-yə silah dəstəyinin dayandırılmasını təkid edə, beynəlxalq mediada qruplaşmanın terror əlaqələrini aktiv şəkildə ifşa edə bilər. Eyni zamanda, Rusiya və İranla regional təhlükəsizlik dialoqu genişləndirilərək Suriyanın şimalında "təhlükəsiz zona" yaradılmasına çalışıla bilər. Hərbi müdaxilə variantları (məsələn, yeni hərbi əməliyyatlar) qısamüddətli təhlükəsizlik təmin etsə də, ABŞ-Rusiya münasibətlərində gərginliyi artıra bilər. Suriya hökuməti ilə münaqişə Türkiyənin İdlibdəki mövqelərini zəiflədə bilər. Həmçinin, hərbi əməliyyatlar Avropa İttifaqı tərəfindən Türkiyəyə qarşı sanksiyaların bərpasına səbəb ola bilər. Türkiyənin hərəkətləri ABŞ-nin Suriyada "YPG ilə əməkdaşlıq" strategiyası ilə ziddiyyət təşkil edəcək, Ankara-Vaşinqton münasibətlərində kritik anlar yarana , eyni zamanda, Türkiyə Rusiyanın Ukrayna müharibəsindəki neytral mövqeyindən strategiya əldə etmək üçün Moskva ilə ticarət və enerji sahələrində təzə razılaşmalara gedə bilər. Uzunmüddətli həll üçün Türkiyə Suriya hökuməti ilə şimaldakı muxtariyyət strukturlarını tanımamaq şərtilə yerli administrasiyalarla praktik əməkdaşlıq edə bilər. PYD/YPG təhdidi Türkiyə üçün yalnız hərbi deyil, ideoloji mübarizə tələb edir".
Zeynəb Mustafazadə