“Müqavilənin Ermənistan hakimiyyəti ilə deyil, Ermənistan cəmiyyəti ilə bağlanmasını istəyir.”— ÖZƏL

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya verdiyi müsahibədə səsləndirdiyi iddialara cavab verib. O bildirib ki, Paşinyan Ermənistan Konstitusiyasındakı ərazi iddialarını ört-basdır etməyə çalışır və beynəlxalq ictimaiyyəti çaşdırır. Hacızadə qeyd edib ki, Ermənistan Almatı Bəyannaməsini pozub, konstitusiyasındakı müddəalar isə Azərbaycanın ərazi bütövlüyünə ziddir. O, Ermənistanın beynəlxalq müqavilələrə istinad etməsinin əslində real hüquqi əsasa söykənmədiyini və sülhə hazır olmadığını vurğulayıb. Ermənistanın Minsk Qrupuna yenidən istinad cəhdləri və qondarma rejimə dəstəyi də bu niyyətin göstəricisidir.

Maraqlıdır, Ermənistan Konstitusiyasındakı mövcud müddəalar sülh prosesinə necə təsir göstərir və Azərbaycan hansı diplomatik addımlarla buna cavab verə bilər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, 
"Ermənistan Baş nazirinin ictimai televiziyaya verdiyi müsahibədə bir daha aydın göründü ki, Ermənistan Baş naziri əslində sülh müqaviləsinin imzalanmasında o qədər də maraqlı deyil və müxtəlif bəhanələr uydurmaqdadır.O, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmaması ilə bağlı səsləndirdiyi fikirləri Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə əsaslandırmağa çalışsa da, bu, əlbəttə ki, ciddi qəbul olunan bir məsələ deyil. Belə ki, birbaşa Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları əks olunub.Azərbaycan isə Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır. Lakin bu müqavilənin Ermənistan hakimiyyəti ilə deyil, Ermənistan cəmiyyəti ilə bağlanmasını istəyir. Yəni, Ermənistan cəmiyyəti referendum yolu ilə Konstitusiya ilə bağlı öz mövqeyini ifadə etməlidir. Əgər Ermənistan cəmiyyəti Konstitusiya dəyişikliyinə səs verəcəksə, bu, o demək olacaq ki, Ermənistan dövləti - həm cəmiyyət, həm də hakimiyyət olaraq - sülhün tərəfindədir. Əksinə, əgər cəmiyyət bunun əleyhinə gedərsə və Konstitusiya dəyişikliklərinə "yox" deyərsə, o zaman hər hansı bir hakimiyyətin sülh müqaviləsi adlanan sənədi imzalamasının ciddi bir təsiri olmayacaq. Çünki gələcəkdə hansısa bir siyasi qüvvə hakimiyyətə gələrkən yenidən revanşist şüarlarla çıxış edə və Azərbaycana qarşı təcavüz cəhdində bulunmağa çalışa bilər. Bu isə bölgədə sabitliyin pozulmasına səbəb ola bilər. Bu baxımdan, Ermənistan Konstitusiyasındakı məlum müddəa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas faktordur."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31