“Fars molla rejimi yenə də əvvəlki davranışına sadiq qalsa, bu cəhdlər nəticəsiz qala bilər. “— ÖZƏL
13:10 SiyasətAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İran səfəri və Tehran Dialoq Forumunda çıxışı ilə bağlı məsələyə münasibət bildirən politoloq Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası qonşu İran üçün dünyaya açılmaq baxımından bir növ "nəfəslik" rolunu oynaya bilər:" İran uzun illərdir ki, beynəlxalq sanksiyalar altındadır və bu vəziyyət, təbii ki, çoxmilyonlu İran əhalisinə ciddi təsir göstərir.Eyni zamanda, İran əhalisinin az qala yarısını təşkil edən, sayları 40 milyona çatan soydaşlarımız - türklər - də bu vəziyyətdən ciddi əziyyət çəkirlər. Azərbaycan Respublikası dövlət olaraq İranın dünyaya açıla bilməsinə yardımcı ola bilər və bu baxımdan düşünürəm ki, Hikmət Hacıyevin Tehrana səfəri İran tərəfindən yüksək səviyyədə dəyərləndirilməlidir. Həmçinin hesab edirəm ki, bu səfər, yəqin ki, Azərbaycan Prezidentinin ehtimal edilən səfərinin də bir xəbərçisi ola bilər.Bildiyiniz kimi, İranda Azərbaycan əsilli siyasi xadim - Möhsün Pezeşkianın Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərdə xeyli yumşalma müşahidə edildi. Hazırda Azərbaycan Respublikasının İrana münasibətində də müəyyən müsbət dəyişikliklər baş verir. Bu da təbiidir. Azərbaycan Prezidenti də qarşılıqlı səfərə dəvət olunub. Yəqin ki, Hikmət Hacıyevin bu səfərindən sonra Prezidentin də İrana səfərinin həyata keçirildiyini müşahidə edə biləcəyik.Yəni demək istədiyim budur ki, İran, Azərbaycanla münasibətləri normallaşdıracağı təqdirdə, dünyaya açılma imkanları daha da genişlənəcək. Əlbəttə, sanksiyaların aradan qaldırılması və dünyanın digər dövlətləri, xüsusilə də aparıcı dövlətlərlə ikitərəfli münasibətlərin normallaşdırılması baxımından Azərbaycan İrana yaxından dəstək verə bilər.Təəssüf ki, əgər fars molla rejimi yenə də əvvəlki davranışına sadiq qalsa, bu cəhdlər nəticəsiz qala bilər. Bilirsiniz ki, Azərbaycan Respublikası dəfələrlə İranla münasibətləri normallaşdırmağa, dinc qonşuluq şəraitində yaşamağa çalışıb. Lakin İranda hakim olan fars molla rejimi, xüsusilə də dini rəhbərlik, münasibətlərin pozulması üçün daim səylər göstərib.Bununla yanaşı, İranın məlum SEPAH qüvvələri də Azərbaycan Respublikası ilə münasibətlərin gərginləşməsinə və hətta qardaş Türkiyə ilə münasibətlərin soyumasına çalışıblar. Təəssüf ki, bu cəhdlər bir çox hallarda uğurlu olub. Daha acınacaqlısı isə budur ki, bu fəaliyyətlər kimin əli ilə həyata keçirilib? Təbii ki, öz daxilimizdəki xainlərin əli ilə. Çünki onlar Azərbaycanda ciddi bir şəbəkə formalaşdırıblar və bu şəbəkə dayanmadan münasibətlərin gərginləşdirilməsinə "töhfə" verməkdədir.Bu baxımdan hesab edirəm ki, İran tərəfi Hikmət Hacıyevin bu səfərini və görüşlərini düzgün və adekvat şəkildə qiymətləndirsə, bu, ilk növbədə İranın öz xeyrinə olacaq."
Gülxanım Əliyeva