Avropa İttifaqı və Böyük Britaniya əməkdaşlıq üçün ilkin razılığa gəldi- ÖZƏL

Avropa İttifaqı və Böyük Britaniya 19 mayda keçiriləcək Aİ-Böyük Britaniya sammiti ərəfəsində müdafiə və təhlükəsizlik, balıqçılıq və gənclərin mobilliyi sahələrində əməkdaşlığa dair ilkin razılıq əldə ediblər. Bu razılaşma, eyni zamanda, Britaniya şirkətlərinin Aİ-nin iri müdafiə layihələrində iştirakına imkan yaradacaq. Bu barədə Olaylar.az  Reuters-ə istinadən məlumat yayıb.
Rəsmi şəxslərin bildirdiyinə görə, Brüsseldə Aİ ölkələrinin nümayəndələri Böyük Britaniya ilə Aİ arasında qarşılıqlı anlaşma sənədinin mətnini əldə ediblər və sənəd hal-hazırda 27 üzv ölkənin hökumətləri tərəfindən nəzərdən keçirilir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antoniu Koşta 19 mayda Londonda görüşəcəklər. Aİ diplomatlarından biri bildirib ki, üzv ölkələrin sənədlə razı olduqları görünür və yazılı təsdiq prosesi artıq başladılıb. Onun sözlərinə görə, bu mərhələdə heç bir problem gözlənilmir.
Bu razılaşma Böyük Britaniyanın Brexit-dən sonra Aİ ilə münasibətləri yenidən qurmağa və ticarət, müdafiə sahələrində daha sıx əməkdaşlığa can atdığını göstərir. Məqsəd - iqtisadi artımı stimullaşdırmaq və təhlükəsizliyi gücləndirməkdir.
Diplomat qeyd edib ki, son günlər və saatlarda Londonda aparılan danışıqlarda əldə olunan pozitiv siqnallar sayəsində hər iki tərəf üçün faydalı olacaq konstruktiv əməkdaşlıq üçün əlverişli şərait yaranıb.
Böyük Britaniya, həmçinin, Aİ-yə kənd təsərrüfatı və qida məhsullarının ixracında sərhəd yoxlamalarını və sənədləşməni azaltmağa, Britaniya vətəndaşları üçün Aİ hava limanlarında sürətli keçid imkanlarını genişləndirməyə ümid edir.
Gözlənilir ki, Böyük Britaniya gənclərin məhdud mobillik sxeminə razılıq verəcək və Erasmus+ tələbə mübadilə proqramında iştirak edəcək. Digər tərəfdən, Fransa isə balıqçılıq hüquqları ilə bağlı uzunmüddətli saziş bağlamaqda maraqlıdır - bu məsələ Brexit-dən sonra ən həssas məsələlərdən biri olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31