Regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır- ÖZƏL

"Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz praqmatik və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənir, xarici dövlətlərlə münasibətlər əməkdaşlıq və səmimi dostluq prinsipləri əsasında qurulur. Azərbaycanın əməkdaşlıq etdiyi və dostluq prinsiplərinə uyğun olaraq əlaqəsi olan ölkələrdən biri də Albaniyadır. Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammiti artıq sadəcə diplomatik görüş yeri deyil, Avropanın təhlükəsizlik arxitekturasını yenidən qurmağa yönəlmiş geosiyasi laboratoriya rolunu oynayır. Bu baxımdan Azərbaycanın bu tədbirdə iştirakı və bu proseslərdə aktiv mövqeyi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısına qatılması sadəcə bir diplomatik protokol hadisəsi deyil. Bu, Bakı ilə Avropa siyasi elitası arasında daha dərin, strateji xarakter daşıyan münasibətlərin yeni mərhələyə keçidinin real göstəricisidir. Zirvədə iştirak bir daha sübut edir ki, Azərbaycan artıq təkcə enerji xəritəsinin deyil, geosiyasi dialoqların da ayrılmaz hissəsinə çevrilib.
Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər.Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub.

"Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Qeyd edək ki, Azərbaycan Avropa Siyasi Birliyi çərçivəsində ilk dəfə 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilmiş sammitdə iştirak etmişdi. İlk dəfə keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirmişdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etmişlər. Həmin sammitdə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti E.Makronun iştirakı ilə qeyri-rəsmi görüş olmuşdu. Nəticə etibarilə, sözügedən sammit Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regional sabitliyin təmin olunması baxımından heç bir əhəmiyyət daşımadı. Elə ona görə də Azərbaycan Ermənistanla birbaşa danışıqlar xəttini irəli sürdü.

Bu il Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında diqqətçəkən bir görüş baş tutub. Bu görüş yalnız siyasi baxımdan deyil, həm də psixoloji baxımdan böyük maraq doğurur. Görüşdə çəkilmiş fotodan görünür ki, tərəflər diplomatik protokol qaydaları çərçivəsində və qarşılıqlı hörmət və təmkin nümayiş etdirirlər, heç bir aqressiv davranış yoxdur.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit çərçivəsində Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. Görüş zamanı Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edildi. 
Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. 

Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Azərbaycan uğurlu daxili və xarici siyasət aparmaqla, bu gün beynəlxalq nüfuzunu gücləndirmiş ən güclü dövlətlərin sırasındadır.

Beləliklə, bəhs olunan görüşlər, irəliyə doğru atılan addımlar Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Azərbaycan liderinin Tirana sammitində iştirakı bir daha sübut edir ki, ölkəmiz artıq təkcə regional deyil, həm də qlobal güc mərkəzlərinin strateji tərəfdaşıdır. Ölkəmiz strateji hədəflərinə doğru addımlayır və regionda Azərbaycanın liderliyi ilə yeni geosiyasi nizam yaranır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31