Azərbaycanın beynəlxalq nüfuzu artmaqda davam edir - ÖZƏL

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammitində iştirakı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu göstərir. 

Maraqlıdır, Azərbaycanın Avropa Siyasi Birliyindəki aktiv iştirakı və balanslı xarici siyasəti ölkənin regional və qlobal güc statusuna necə təsir edir? Bu iştirak Azərbaycanın Qərb və Şərq arasında vasitəçi rolunu daha da möhkəmləndirə bilərmi?

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib ki, "Azərbaycan bir dövlət olaraq qlobal siyasətdə çəkisi və nüfuzu günü-gündən artmaqdadır. Bu artımın müxtəlif sahələrdə, nüfuzlu platformalarda ölkəmizin iştirakı və xüsusilə Prezident İlham Əliyevə göstərilən yüksək səviyyəli ehtiram və dəyərlə müşahidə olunduğunu aydın şəkildə görmək mümkündür. Bu cür nümunələrin sayı getdikcə artır. Elə bu nümunələrdən biri kimi  Azərbaycanın Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirakını qeyd edə bilərik.Təbii ki, bu hadisə təkcə bununla məhdudlaşmır. Daha öncə də BMT çərçivəsində həyata keçirilən fundamental bir proqram olan COP29-un Azərbaycana həvalə olunması ölkəmizin gücündən, nüfuzundan, bizə olan etibar və ehtimaddan, eyni zamanda təşkilatçılıq imkanlarımızın yüksək səviyyədə olmasından xəbər verir. Bu, həmçinin müvafiq qlobal problemlərin həllində Azərbaycan dövlətinin həm daxili, həm də xarici siyasət baxımından töhfəverici mövqeyə sahib olmasının, nəticə yönümlü siyasət həyata keçirməsinin göstəricisidir. Avropa Siyasi Birliyində iştirak da məhz bu qəbildəndir.Məlum olduğu kimi, Avropa Siyasi Birliyi Avropa İttifaqının siyasi qanadını təşkil edir. Qürurverici haldır ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit və görüşlərində ölkəmiz fəal iştirak edir. Prezident İlham Əliyevin bu kimi yüksək səviyyəli platformalarda mütəmadi iştirakı buna bariz nümunədir.Daha öncə də bir neçə beynəlxalq təşkilatda, Azərbaycan birbaşa üzv olmasa da, ölkəmizin regional və qlobal əhəmiyyəti nəzərə alınaraq, həmin təşkilatlara ya müşahidəçi, ya da iştirakçı tərəf qismində dəvət olunmuşdur. Bu da bir daha göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə yüksələn mövqeyi və xüsusilə Prezident İlham Əliyevin dünya liderləri arasında mühüm söz sahibinə çevrilməsi artıq geniş şəkildə qəbul olunur və təsdiqini tapır."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31