“Hindistanın qərəzli mövqeyi beynəlxalq normalara ziddir” – Azad Məsiyev – ÖZƏL

"Hindistan və Pakistan arasındakı münaqişə Hindistan ərazisində terror aktının baş verməsi ilə başladı. Hindistan bu məsələdə qərəzli mövqe tutdu. Belə ki, istintaq aparılmadan, terrorçular müəyyən edilmədən, həbs olunan şəxs təyin olunmadan, açıq şəkildə Pakistan dövləti ittiham olundu. Pakistan isə bu məsələnin beynəlxalq komissiya tərəfindən, beynəlxalq istintaq yolu ilə araşdırılmasını təklif etdi ki, məsələyə ədalətli yanaşılsın. Yəni, hadisə tam araşdırılmadan və məsuliyyət daşıyan tərəf müəyyən edilmədən Pakistan dövlətini terrora dəstək verməkdə ittiham etmək nə beynəlxalq normalara, nə də qonşuluq münasibətlərinə uyğundur. Hindistanın bu proseslərdəki davranışı qərəzli idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri,  politoloq  Azad Məsiyev bildirib. Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə Pakistanın beynəlxalq hüquqa uyğun haqlı mövqeyini dəstəklədiyi halda, Hindistan həm bu məsələdə, həm də Ermənistanı silahlandırmaqla qərəzli mövqe sərgiləsə də, Azərbaycan buna qarşılıq olaraq Hindistana qarşı qərəzli yanaşma nümayiş etdirməmişdir:

"Təbii ki, Azərbaycan və Türkiyə bu məsələdə ədalətli mövqe nümayiş etdirdi. Çünki Pakistanın beynəlxalq istintaq tələbi beynəlxalq hüquq normalarına tam uyğundur. Bu baxımdan,  Azərbaycanın  Pakistanı dəstəkləməsi - siyasi və mənəvi dəstək göstərməsi - onun ədalətli mövqeyindən irəli gəlirdi. O ki qaldı Hindistanın  Azərbaycana və Türkiyəyə qarşı tutduğu mövqeyə - bu məsələdə də Hindistan tərəfi qərəzli mövqe sərgilədi. Əgər belədirsə, qeyd olunmalıdır ki, Hindistan Ermənistanı silahla təchiz edir. Halbuki Ermənistan işğalçı və aqressor dövlətdir. Onun aqressor və işğalçı olması BMT-nin qətnamələri ilə də təsdiq olunub. Ermənistanı yenidən silahlandırmaq və ona güzəştli şərtlərlə silahlar vermək prosesinin bəzi detallarını biz artıq aşkar etmişik və bu, bizə məlumdur. Bütün bunlara baxmayaraq, biz Hindistana qarşı heç bir qərəzli mövqe tutmamışıq".

Politoloq sonda vurğulayıb ki, Hindistan həm bu münaqişədə, həm də ümumilikdə Pakistan, Azərbaycan və Türkiyəyə münasibətdə qərəzli mövqe sərgiləyib. Hindistanın bu davranışları heç bir beynəlxalq norma və prinsiplərə uyğun gəlmir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31