Aytən Qurbanova: “SSRİ bayrağının nümayişi dövlətçilik prinsiplərimizə ziddir” – ÖZƏL

"Müstəqil  Azərbaycanın varlığı öz milli simvollarına, tarix şüuruna və dövlətçilik prinsiplərinə əsaslanır. Ona görə də, bu tədbir çərçivəsində nümayiş olunan yanaşmalar birmənalı şəkildə qəbuledilməzdir. SSRİ bayrağı  Azərbaycanın sovet işğalı dövründə yaşadığı milli repressiyalar və 20 Yanvar faciəsi kimi tarixi hadisələri simvolizə etdirir və İmişli rayonunda keçirilən tədbirdə onun nümayiş etdirilməsi  Azərbaycan xalqının keçdiyi istiqlal yoluna və dövlətin ideoloji əsaslarına ziddir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycanda keçirilən tədbirlərdə yalnız dövlət atributlarının və milli qəhrəmanların simvollarının nümayişi təmin olunmalı, sovet simvollarının istifadəsi isə qanunvericilik və maarifləndirmə yolu ilə qadağan edilməlidir:

"Azərbaycan xalqının İkinci Dünya Müharibəsində böyük itkilər verməsi inkar edilə bilməz faktdır. Lakin tarixi yaddaş yalnız qələbə faktı üzərində qurulmamalı, eləcə də xalqımızın sovet işğalı dövründəki milli mübarizəsi unudulmamalıdır. Bənzər tədbirlərdə ancaq Azərbaycan Respublikasının dövlət bayrağı, milli qəhrəmanların adları və dövlət atributları nümayiş etdirilməlidir. Ümumiyyətlə, Azərbaycanda keçirilən tədbirdə SSRİ bayrağı və "Georgi lenti"nin yer alması xalqın azadlıq mübarizəsinə qarşı simvolik hörmətsizlikdir və bu cür halların qarşısı milli və hüquqi əsaslarla alınmalıdır. Belə halların təkrarlanmaması üçün rəsmi və ya qeyri-rəsmi tədbirlərdə hansı simvolların istifadə edilməsinə icazə verildiyi barədə qanunverici qaydalar aydın şəkildə müəyyənləşdirilə və cəmiyyətdə müvafiq istiqamətdə davamlı maarifləndirmə işləri aparıla bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31