Putin sülhdən imtina etdi: Müharibənin uzanmasına səbəb olacaq- ÖZƏL
17:03 Siyasət"Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan bu sülh təşəbbüsü üçün, həmçinin bu təşəbbüsün yekununda müsbət nəticə əldə etmək məqsədilə mümkün olan hər şeyi edir. Yəni, əlindən gələn hər şeyi edir".
Bu fikirləri siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında söyləyib:
"Razılıq əldə olunması üçün isə tərəflərin iradəsi lazımdır. Xüsusən də siyasi iradə. Çünki bu olmadan hər hansısa bir nəticə əldə olunması mümkünsüzdür. Qarşılıqlı güzəştlər və siyasi iradə göstərilməsi vacibdir ki, real bir nəticə əldə edə bilək. Mən hazırkı situasiyada bunu görmürəm. Xüsusən də Rusiya tərəfi - Putin hər hansısa bir güzəştə getməyə və ya hər hansısa bir şəkildə anlaşmaya meyilli görünmür. Düşünürəm ki, güzəşt daha çox Rusiya tərəfdən olmalıdır. Yəni, başqasının torpağını işğal etmisən və belə deyək, bu torpaqlardan çıxmaq lazımdır və onu sahibinə qaytarmaq lazımdır. Heç olmasa, böyük bir qismini qaytarmaq lazımdır.
Rusiya tərəfi, Prezident Putin bu güzəştlərə və anlaşmaya hazır olmadığı üçün də görüşdən imtina etdi. Yəni, anlaşmaq istəmədiyini göstərdi. Düşünürəm ki, Putin orada Amerika Prezidentinin də iştirak ehtimalını nəzərə alaraq, bu toplantıya qatılmaqdan həm də buna görə imtina etdi. Çünki Amerika Prezidentinin - Trampın iştirakı Putinin bir qədər bu məsələlərdə küncə sıxışdırılması kimi bir situasiya da yarada bilərdi və görünən budur ki, Putin sülhə gəlməkdən imtina etdi. Bu, Rusiya Prezidentinin sülhdən və anlaşmadan imtina etməsinin göstəricisidir. Mənfi qiymətləndirirəm və bu da təbii ki, prosesi daha da gərginləşdirir və müharibənin uzanmasına gətirib çıxarır".
Zeynəb Mustafazadə