“SSRİ bayrağı və Georgi lenti Azərbaycanın müstəqilliyinə qarşı simvollardır” – Elçin Xalidbəyli – ÖZƏL
16:57 Siyasət"SSRİ 70 il ərzində Azərbaycanı işğal altında saxlamış bir dövlət idi. Yəni SSRİ-nin özü Azərbaycanın müstəqil dövlət kimi yox, başqa bir dövlətin tərkibində qalmasının simvoludur. SSRİ-yə daxil olan bütün respublikalar Rusiya tərəfindən işğal olunaraq bu ittifaqın sərhədləri daxilinə qatılmışdı. Ona görə də SSRİ ilə bağlı edilən istənilən paylaşım, Azərbaycanın müstəqilliyinə qarşı olmaq anlamına gəlir və belə də qəbul oluna bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi qeyd edib ki, "Georgi lenti" kimi simvollar Rusiyanın imperialist siyasətini təmsil etdiyindən, onların Azərbaycanda qadağan olunması və ictimaiyyətə doğru izah olunması vacibdir:
""Georgi lenti" də Rusiya imperiyasının bir simvoludur - bu lent Rusiyanın imperialist eqosunun bir ifadəsidir. Bu da o deməkdir ki, həmin lenti taxmaq və ya nümayiş etdirmək Rusiyanın işğalçılıq siyasətinə və imperialist ambisiyalarına haqq qazandırmaq anlamı daşıyır. Bu səbəbdən Azərbaycan vətəndaşları Rusiyanın imperialist ənənələrini ifadə edən bütün simvollardan açıq şəkildə uzaq durmalıdırlar. Həmin simvolların ölkə ərazisində yayılmasının və nümayiş olunmasının qarşısı alınmalıdır. Eyni zamanda gələcək nəsillərə bu simvolların əsl məzmununu izah etmək, onların arxasında duran siyasi məqsədləri anlamağa kömək etmək olduqca vacibdir. Hər kəs anlamalıdır ki, bu simvollar Rusiyanın keçmiş və mövcud imperialist hədəflərini təmsil edir. Azərbaycan dövlətinin üzərinə düşən əsas vəzifələrdən biri də bu məsələlərlə bağlı konkret və prinsipial qərarlar qəbul etməkdir. Rusiya imperiyasını təmsil edən bütün simvolların ölkə ərazisində qadağan olunması vacibdir. Belə qadağalar və onların səbəblərinin cəmiyyətə düzgün izahı, bu simvolların ictimai dəyərini və əhəmiyyətini itirməsinə imkan verə bilər".
Səidə Ramazanova