Modinin islamofobiyası Hindistanı parçalayır- ÖZƏL

Hindistan-Pakistan gərginliyi  Azərbaycan və Türkiyəyə də sirayət edib. Qoa şəhərində bu ölkələrin vətəndaşlarına rezervasiya qadağan olunması, 800 nəfərlik Bakı səfərinin   ləğv edilməsi ilə bağlı  məsələyə  münasibət  bildirən   politoloq Tofiq Abbasov Olaylar.az-a deyib: "Əlbəttə! İki variantı ayrıca yazıram: Modinin islamofobiyası Hindistanı parçalayır.

"Bu gərginlik çox böyük bir narahatlıq doğurur. Çünki iki nəhəng dövlət bir-birilə demək olar ki, yeni savaşa qatılır. Təbii olaraq onların tutduğu bölgə, coğrafiya özü çox həssas və çoxmillətli, demokratik baxımdan basqı altındadır.
Yəni bir milyarddan artıq, bir milyard yarıma qədər əhali Hindistanda yaşayır, Pakistanda da  əhalinin sayı çoxdur. Digər tərəfdən o bölgələr vacib beynəlxalq tranzitlərin keçdiyi ərazilərdir və əlbəttə ki, burada ilk növbədə insanları maraqlandıran təhlükəsizlikdir. Hətta mən sizə deyim ki, Hind okeanından keçən dəniz marşrutları da çox böyük əhəmiyyət daşıyır.
Nəzərə alsaq ki, orada Çin var, Malaziya, İndoneziya var - yəni çox böyük dövlətlərdir. O dövlətlərin hamısı Avropa ilə, qalan dünya ilə ticarət əməliyyatları aparırlar və onların da böyük bir həcmi dəniz yolları ilə gedir, həm də quru yollarla gedir. Əlbəttə ki, burada günah ilk növbədə Hindistanın üzərindədir.
Məsələ ondadır ki, biz Pakistanla müttəfiqlik münasibətlərimizi saxlayırıq, Hindistan Ermənistana kömək edir - bu əsas səbəb deyil. Əsas səbəb ondan ibarətdir ki, Hindistan cəmiyyəti prinsip etibarilə çox tolerant və həm də dözümlü cəmiyyətdir. Amma Narendra Modi və onun rəhbərlik etdiyi Bharatiya Janata Partiyası - siyasi təşkilatı demək olar ki, bir mənalı şəkildə öz ideoloji xəttini islamofobiya zəminində qurub, formalaşdırıb və dəfələrlə də o cərəyanlardan istifadə edib ki, siyasi məqsədlərinə çatsın. Son iki seçki kampaniyasında Narendra Modi bilavasitə birbaşa göstərişləri ilə Hindistan müsəlmanlarına qarşı divan tutdurdu. Onları diri-diri yandırırdılar, onların ofislərinə basqınlar edirdilər, fondlarının dağıdılmasına rəvac verirdilər. Yəni ölkənin siyasi rəhbəri sözün əsl mənasında bu cür ksenofobiyanı, yolverilməz millətçiliyi, dini, etnik nifrəti yaşadırsa, deməli, bunun axırı çox pis qurtara bilər. İndi görürük ki, Narendra Modi Hindistanı hansı vəziyyətə gətirib çıxarıb. Hindistanın dərsini Pakistan verdi. Əlbəttə ki, burada çox vacib bir məsələ ondan ibarətdir ki, hər iki ölkənin hərbi sistemi, müdafiə kompleksi və hərbi sənayesi var. Amma mən elə düşünürəm ki, Pakistanın hərbi sənayesi daha müasirdir və daha çevikdir, xüsusilə də biz nəzərə alsaq ki, Çin Pakistanın çox yaxın dostu və tərəfdaşıdır. Onlar birlikdə həm hava hücumundan müdafiə vasitələrini, sistemlərini və digər texnikanı yenidən istehsal edirlər, həm də onları təbii şəraitdə sınaqdan keçirirlər. Məsələn, Hindistanın bir çox yeni texnikası hələ sınaqdan keçməyib, ona görə də onları birbaşa Ermənistana verirlər ki, guya müharibə başlasa, onlardan istifadə edəcəklər. Bu isə artıq ikinci məsələdir.
İndi turizmə və digər sahələrin inkişafına gəldikdə isə... Əlbəttə, bilirsiniz, investisiyalar harada yerləşdirilir? Sabitliyin, sakitliyin, stabilliyin olduğu yerlərdə. Turizm sektoru da sabitlikdən bəhrələnir. İnsanları hər hansı bir ölkə cəlb edirsə, hər hansı bir marşrutlarla maraqlandırırsa, ilk növbədə lazım olan odur ki, insanlar açıq şəkildə, heç bir təhlükə, təhdid olmadan ürəklə gəzsin, dolaşsınlar, bütün o diqqətçəkən vəziyyətlərin hamısını öz gözləri ilə müşahidə etsinlər.
Görün nə dərəcədə Hindistanın siyasəti bəsit və çarəsiz vəziyyətə düşüb ki, artıq dövlət səviyyəsində çağırışlar edirlər ki, turizm firmaları, turistik şirkətlər Azərbaycana, Özbəkistana, Türkiyəyə bu çərçivədə tur paketləri satmasınlar. Görün nə qədər bu siyasət dar baxışlı və daxilən çürükdür ki, rəsmi şəkildə belə çağırışlardan çəkinmirlər, utanmırlar.
Pakistan bu qarşıdurmada yenidən baş ucalığı nümayiş etdirdi, qətiyyət, dəmir iradə ortaya qoydu. Biz gördük ki, Hindistanın bir zərbəsinə Pakistan yeddi zərbə ilə cavab verdi. Hava döyüşündə də Pakistan bir neçə Hindistan hərbi təyyarəsini məhv etdi. Bu isə birbaşa Pakistanın sağlam niyyətindən xəbər verir. İndi Hindistanda elə bir absurd vəziyyət yaranıb ki, müsəlman ailələrində doğulan uşaqlara İslam adları verməyi qadağan ediblər. Hindu adları zorla verilir. Amma bu çox pis qurtaracaq. Çünki Pakistandakı müsəlman əhali az saylı deyil. Mən bildiyimə görə, 300 milyon civarındadır. Bu isə böyük bir gücdür.
Digər tərəfdən, bu insanlar nə qədər daxilən xəstədirlər. Yəni onların şüuru, təfəkkürü xəstədir ki, belə qadağalara rəvac verirlər. Əlbəttə ki, Azərbaycanın turizm sektoru inkişaf edir, Türkiyənin də, Özbəkistanın da eləcə. Bütün türk dövlətlərinin, bütün İslam dövlətlərinin belə bir islamofobiyası, daha doğrusu, ksenofobiyası və dini-etnik zəmində nifrəti yoxdur. İslam dünyası, İslam dini ümumiyyətlə bütün insanları bərabər sayır. İslamın ayağına çox lazımsız və yad tendensiyalar bağlayırlar, amma bunlar hamısı çürük təbliğatın nəticəsidir. İslam həmişə bərabərlik prinsipini üstün tutub. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbərin dövründə ilk inşa etdirdiyi məsciddə birinci azanı Qaradərili Bilal vermişdi. Orada Zahid də vardı, o da qaradərili idi. Peyğəmbər deyirdi "Onlar bizim qardaşlarımızdır".İnsanlar Allahdandır. Hamısı eyni hüquqlara malik olaraq dünyaya gəlirlər. Onların rənginə, dini hisslərinə toxunmaq olmaz, mənliyini aşağılamaq olmaz və.s
Biz görürük ki, İslam dinində həqiqətən də bu dəyərlər çox düzgün dəyərlər kimi zamanla sübut olunub. Belə olduğu halda İslam cəmiyyətləri hamısı özlüyündə sağlam cəmiyyətlərdir. Bəli, ola bilər ki, daxildə hansısa qüvvələr qaranlıq hisslərlə, zərərli dəyərlərlə hərəkət etsinlər, amma bu bütün cəmiyyətlərə şamil oluna bilməz. Hər cəmiyyətin öz zəif bəndləri var.
Biz güclü bəndlərdən danışırıq. Bəli, İslam cəmiyyətlərində, o cümlədən Azərbaycanda və qonşu dövlətlərdə, hamısı sağlam dəyərlər əsasında qurulmuş cəmiyyətlərdir və xalqlar arasında əlaqələrin metodik şəkildə inkişafına rəvac verirlər.
Odur ki, ilk növbədə təhlükəsizlik, sabitlik hamıya lazımdır. O cümlədən bizlərə, Pakistan xalqına, hətta hind xalqının özünə də lazımdır. Amma hind xalqı öz daxilində ciddi şəkildə saf-çürük etməlidir ki, ümumiyyətlə, öz etimadını kimə verir, hansı qüvvəyə verir. Bharatiya Janata Partiyası - bu mənfur partiyadır. Mən bunu bir mənalı deyirəm. Əgər o, dini zəmində millətçiliyi üstün tutursa, islamofobiyanı təbliğ edirsə, onun bir gələcəyi yoxdur. O siyasi səhnədən bir mənalı şəkildə getməlidir ki, hindu xalqı bu prosesdən əziyyət çəkməsin".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31