“Bu gün sovet bayrağını qaldıran sabah müstəqilliyimizə qəsd edər”- Siyasi şərhçi- ÖZƏL

"9 May Qələbə günü ilə əlaqədar İmişli rayonunun Sarıxanlı kəndində baş verənlərə təsadüfi hadisə kimi yanaşmaq olmaz. Bu aksiyanı düşünərək həyata keçiriblər. Baş verənlər onu göstərir ki, 34 il keçsə də Azərbaycanın müstəqilliyini həzm edə bilməyən qüvvələr var və onlar xaricdən güclü dəstək alırlar". Bu sözləri olaylar.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib. 
Elman Cəfərli bildirib ki, keçmişi özləmək olar, lakin elə prinsipial məsələlər var ki, onda güzəşt olmamalıdır: 
"Son rəsmi statistikaya görə, ölkəmizdə müstəqillik dövründə doğulanların sayı, sovet dövründə doğulanların sayından artıqdır. Bununla belə Azərbaycanda sovet dövrünü özləyən adamlar az deyil. Lakin bir şeyi unutmaq olmaz ki,  Azərbaycan artıq müstəqil dövlətdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Rayon Ağsaqqallar Şurasının sədri kimi mühüm bir vəzifə həvalə edilmiş adam bunu bilməli idi. Məlumata görə, o həm də hakim partiyanın üzvüdür. Yəqin ki, hakim partiya bu cür siyasi səbatsız insanı öz sıralarında saxlamayacaq".
E.Cəfərli deyib ki, görünür, Azərbaycan prezidentinin Moskvada keçirilən 9 May Qələbə paradında iştirak etməməsi bəzi çevrələri qəzəbləndirib və onlar bu cür insidentlər yaratmaqla "qüdrətli" olduqlarını göstərməyə çalışırlar.
"Azərbaycan faşizm üzərində böyük qələbənin əldə olunmasında misilsiz rol oynayıb. 650 mindən çox insanımız müharibədə iştirak edib, onların yarıdan çoxu geri qayıtmayıb. Müharibədə sovet ordusunun hərbi texnikasının yanacağının əsas hissəsi Bakıdan gedib. Azərbaycan xalqı əmək cəbhəsində də müstəsna xidmətlər göstərib. Biz Rusiya ilə, rus xalqı ilə faşizmə qarşı mübarizədə çiyin-çiyinə dayanmışıq. Rusiya Federasiyası ilə indi də müttəfiqik. Lakin Rusiyanın hazırkı siyasəti müttəfiqliyə xələl gətirir. Müttəfiqlik qarşılıqlı etimad və etibara əsaslanan birgə hərəkət, həmrəylikdir. Lakin Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş təyyarə qəzasından 5 ay keçsə də Rusiya tərəfi heç bir istintaq hərəkəti aparmayıb. Qəzaya görə məsuliyyət daşıyanlar cəzalandırılmayıb. Bundan əlavə Rusiyadan ölkəmizin media resurslarına kiber hücumlara cəhd edilib. Bütün bunlar  bərabərhüquqlu müttəfiqlik prinsiplərinə ziddir. Rusiya ilk növbədə ölkəmizə qarşı qərəzli yanaşmanı dəyişməlidir".
E.Cəfərli deyib ki, Saleh Səmədov  və onunla həmrəy olanların fəaliyyəti araşdırılmalıdır.
"Araşdırmaq lazımdır ki, pensiya yaşına çatmamış bu adam necə olub ki, rayon Ağsaqqallar Şurasının sədri seçilib. Mətbuatda yazılanlara inansaq, kifayət qədər də sərvəti, biznes resursları var. Bu cür adamları nəzarətsiz qoymaq olmaz. Bu gün sovet bayrağını qaıdıran sabah üçrəngli bayrağımıza asanlıqla xor baxa, müstəqilliyimizə qəsd edə bilər"-deyə, o, bildirib.
Qeyd edək ki, 9 May Qələbə günü ilə əlaqədar İmişli rayonunun Sarıxanlı kəndində keçirilən tədbirdə SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. Azərbaycan Ağsaqqallar Şurasının yaydığı məlumata görə, qurumun adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib və  AAŞ üzvlüyündən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31