Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb- ÖZƏL
12:32 Siyasət"Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır". "Olaylar" xəbər verir ki, bunu YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov deyib: "Hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Azərbaycan və Vyetnam xalqları arasında mədəni və təhsil mübadilələrinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır. Sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlıların ölkələrinin elitasında təmsil olunması bu sahədəki əməkdaşlığın gələcək üçün nə qədər perspektivli olduğunu sübut edir. Heydər Əliyev Fondunun Vyetnamın Ha Giang əyalətində inşa etdiyi ibtidai məktəb bu sahədəki fəaliyyətin bariz nümunəsidir".