Azərbaycan xalqının iradəsi, milli ruhu Zəfərimizi təmin etdi
09:59 SiyasətXalq "Dəmir yumruq" ətrafında birləşərək qələbəyə nail oldu
Ermənilər üçün havadarlar faktoru daim aktual məsələlərdən olub. Bu toplum öz varlığını sübut etməkdən ötrü yaranışından bu günə qədər yeni havadar axtarıb. Təəəcüblü olsa da ermənilərin havadarları daim olub, bu gün də sıraları genişlənməkdədir. Havadar bir kimsənin arxasında dayanan, ona dəstək olan, lakin eyni zamanda onun zəifliklərindən istifadə edə biləcək kəsimin olduğunu ifadə edir. Belə münasibət isə dostluq və ya yaxın münasibətlərin içindəki təhlükələri dəyərləndirərək ehtiyatlı olmağı vurğulayır. Çünki, bir çox hallarda özünü yazıq kimi təqdim edən millətin yanında olanların onun zəifliklərindən faydalanma ehtimalı yüksək olur. Odur ki, bu amillər nəzərə alınaraq çətir altında olan toplumlara qarşı diqqətli olmaq tələb olunur. Axı, belə toplumlar ağaları qarşısında quyruq bulayaraq əllərinə imkan düşən kimi bıçağı arxadan sancırlar. Eynən ermənilərin davranışı və həyat tərzi kimi.
Özlərinə havadar tapan kimi yeni ərazi iddiasına düşən, göstərdikləri ən çirkin "xidmətlərinə" görə öldürücü silah-sursat əldə edərək başqa millətlərə qarşı ağlagəlməz qətliamlar törədən bu toplum 30 il ərzində biz azərbaycanlıların da başına olmazın müsibətlər gətiriblər. Qanında və qəlbində türklərə qarşı nifrət hissi bəsləyən ermənilər xarici havadarlarının maddi, siyasi, ideoloji dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal etməklə kifayətlənmədilər. Soydaşlarımızı doğma yurdlarından didərgin salaraq tarixdə misli görünməyən soyqırımı aktı törətdilər. Məhz azərbaycanlı olduğuna görə soyqırıma məruz qalan millət ümidini itirmədi, yaşadı, inkişaf etdi və ən nəhayət torpaqlarını işğaldan azad etdi. Etiraf edilməlidir ki, Azərbaycanın Zəfər əldə etməsində xalq-ordu-iqtidar birliyi mühüm rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışı zamanı bu məsələyə toxunaraq ermənilərin iç üzünü açıb: "Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız".
Azərbaycan dövləti tarixin müxtəlif dönəmlərində dəfələrlə məhv olmaq təhlükəsilə üz-üzə qalsa da bu təhlükədən qurtula bilib. Nəinki dövləti qoruyub saxlaya bilib, hətta inkiaf etdirərək dövlətlər arasında imzasını təsdiq etdirib. Ancaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçılığa birdəfəlik son qoyuldu, separatizmin kökü kəsildi, doğma Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü təmin edildi. Etiraf edilməlidir ki, bu Zəfər elə də asan başa gəlmədi. Dövlət başçısı İlham Əliyevin yürütdüyü düşünülümüş siyasəti nəticəsində xarici təsirlər neytrallaşdırılıdı, iqtisadiyyat inkişaf etdirildi, Ordu quruculuğu davam etdirildi, yeni hərbi-texniki avadanlıq, müasir silah-sursat alındı. Ən əsası isə milli ideologiyaya çevrilən azərbaycançılıq, vətənpərvərlik ideologiyası gənclərə əxz edildi, onlarda Vətənə, doğma torpağa məhəbbət hissi aşılandı. Nəticədə qəhrəman oğullarımız canından, qanından keçərək, Şəhidlik zirvəsinə yüsəlməklə olsa da torpaqlarımızı işğaldan azad etdilər. Prezident İlham Əliyev də qeyd edib ki, bütün cəmiyyət bir amal uğrunda birləşərək Zəfər əldə etdi: "İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz "öldü var, döndü yoxdur" şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük".
O da etiraf edilməlidir ki, bütün sadalananları əldə etməkdən ötrü dövlətin siyasi iradəsinə, dövlət başçısının isə liderlik qabiliyyətinə ehtiyac yaranır. Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir. Məhz sadalanan amillər Prezident İlham Əliyevin liderlik qabiliyyətini önə çəxardı, xalq da "Dəmir yumruq" ətrafında birləşərək qələbəyə nail oldu: "Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".
Bu gün Azərbaycan qüdrətli orduya, güclü iqtisadiyyata, beynəlxalq arenada önəmli mövqeyə, müstəqil xarici siyasətə malik dövlətə çevrilib. Öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallığı məhz bundan ibarətdir. 22 il əvvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Fəxarətlə qeyd etmək olar ki, çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.
Alim Hüseynli