Şuşa bu gün milli birliyimizin simvoluna çevrilib- ÖZƏL
12:04 Siyasət"Şuşa xalqımızın qürur yeri və milli kimliyimizin ayrılmaz parçasıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər və şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasiminə qatılıblar. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunur. İndiyədək Şuşaya 376 ailə - 1409 nəfərdən artıq sakin köçürülüb. Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir. Şuşa bu gün mədəniyyətimizin beşiyi, həm də azadlığımızın, milli birliyimizin və gələcəyə inamımızın simvoluna çevrilib".