Paşinyan Qərbin ona qoyduğu tələb və şərtlər əsasında siyasət yürüdə bilmir- ÖZƏL

"Ermənistanın baş naziri Nikol Paşinyanın küçə hərəkatları ilə devrilməsi ehtimalları indi üçün real görünmür. Yox, belə bir ehtimal varsa, bu məsələ daha çox  Qərblə Nikol Paşinyan münasibətlərinin dinamikası ilə izah olunmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Akşin Kərimovun sözlərinə görə, Nikol Paşinyan Qərbin ona qoyduğu tələb və şərtlər əsasında siyasət yürüdə bilmir: "Ermənistan artıq Azərbaycanın sülh gündəmindəki tələblərin əsirinə çevrilib ki, bu da regionda Azərbaycan-Türkiyə strateji ittifaqının dinamikasını gücləndirir. Nikol Paşinyanın sülh gündəliyindəki mövqeyi isə Rusiyanın maraqları ilə dərin ziddiyyət təşkil etmir. Bununla belə, Rusiya üçün də Paşinyana yanaşmada ehtiyatlılıq dərəcələri qalmaqdadır. Deməli, nəticə olaraq, Paşinyanın devrilməsi son nəticədə Rusiya-Qərb sövdələşməsi ilə müəyyənləşə bilər. 

Hələlik isə, Ermənistanda Rusiyameyilli qüvvələrlə Qərbə inteqrasiya tərəfdarları arasında rəqabət qızışır. Lakin Rusiyanın Ermənistandakı siyasi təsir rıçaqları zəifləyib, Moskva Paşinyana müxalif qüvvələrin mərkəzləşdirilməsini və onun böyük elektorat qazanmasını təşkil edə bilmir. Üstəlik, Rusiya ilə yanaşı, Robert Koçaryan və Serj Sarkisyanı Qərb də gizli dəstəkləyir. 

Nikol Paşinyanın necə devrilməsi ilə bağlı Koçaryanla Sarkisyan arasında böyüyən fikir ayrılıqları məncə daha çox Rusiya-Qərb mübarizəsinin əlamətləri ilə əlaqədardır. 
Üstəlik, Nikol Paşinyanın Koçaryan-Sarkisyan mümkün müttəfiqliyi ilə devrilməsi ehtimalları yoxdur, çünki erməni ictimaiyyətində həmin iki keçmiş prezidentə dərin bir nifrət var. 
Burada digər keçmiş prezident Levon Ter-Petrosyanın da elektorat cəhətdən ciddi problemləri var. Buna görə də, Paşinyanın hakimiyyətdən getməsi sabiqlərə ediləcək yatırımlar hesabına baş tutmayacaq. Ehtimal ki, belə bir variant varsa, yeni kadr elə Ermənistan hakimiyyətinin öz daxilində hazırlanır. 

Ancaq Paşinyanın iqtidardan uzaqlaşdırılması ehtimalları zəif olaraq qalmaqdadır. 
Səbəblərindən asılı olmayaraq, siyasi qüvvələr nisbətində Rusiyanın Qərbə uduzduğu görünməkdədir. Lakin Moskvanın Ermənistanda hərbi və iqtisadi portfeli doludur ki, bu da İrəvana təzyiq aləti kimi tətbiq olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31