“Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı…”— ÖZƏL
15 May 2025 10:44 Siyasət2026-cı ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və 2 il müddətinə bu təşkilata sədrlik edəcək. Həmçinin, növbəti il Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünü də təşkil edəcək. Bu barədə XİN müavini Yalçın Rəfiyev Milli Məclisdə keçirilən iclasda məlumat verib.
Maraqlıdır, Azərbaycanın eyni anda bir neçə beynəlxalq platformaya ev sahibliyi və sədrlik etməsi ölkənin geosiyasi mövqeyinə və diplomatik nüfuzuna necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oktay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eyni zamanda beynəlxalq təşkilatlarda sədrlik etməsi ölkənin artan nüfuzu ilə birbaşa bağlıdır:" Xüsusilə də Azərbaycanın dörd il müddətində Qoşulmama Hərəkatına rəhbərlik etməsi bu təşkilata yeni nəfəs gətirib. Bu müddət ərzində təşkilatın bir çox qurumları formalaşdırılıb, fəaliyyəti gücləndirilib. COVID-19 pandemiyası dövründə bu fəaliyyətlər daha qabarıq şəkildə özünü göstərib.
Azərbaycan üçün bu, həm də beynəlxalq təcrübə baxımından olduqca uğurlu bir sınaq olub. Bununla yanaşı, Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının da aktiv üzvlərindən biridir. Xüsusilə də 2020-ci ildən sonra ölkənin bölgədə yaratdığı yeni reallıq - ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi - beynəlxalq aləmdə Azərbaycanın mövqeyini daha da gücləndirib.Azərbaycan beynəlxalq nüfuzunu artırmaqla yanaşı, diplomatiyasını da ciddi şəkildə fəallaşdırıb. Hazırda Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, müxtəlif münaqişəli və mübahisəli proseslərdə vasitəçi qismində çıxış edir. Ölkə, qarşı tərəfdə dayanan güclərin dialoqu üçün mühüm məkan rolunu oynayır. Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik etməsi, onun həm potensialının, imkanlarının, həm də beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər".