“Azərbaycan və Türkiyə ortaq təhlükəsizlik sistemi qurur” – Elçin Xalidbəyli – ÖZƏL
16:37 SiyasətTürkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana səfərini regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından necə qiymətləndirmək olar?
"Azərbaycan və Türkiyə strateji müttəfiq və qardaş ölkələrdir. Vaxtaşırı hər iki ölkənin ən yüksək səviyyəli rəsmi nümayəndələri qarşılıqlı səfərlər edirlər. Xüsusilə də hərbi və təhlükəsizlik sahəsinə cavabdeh olan yüksək rütbəli şəxslərin səfərləri xüsusi əhəmiyyət daşıyır. Türkiyənin müdafiə nazirinin Azərbaycana səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Türkiyə strateji və hərbi müttəfiqlik əsasında Cənubi Qafqazda və Yaxın Şərqdə ortaq fəaliyyət göstərərək regional təhlükəsizlik və əməkdaşlıq istiqamətində qətiyyətli addımlar atırlar:
"İki ölkə arasında strateji müttəfiqlik eyni zamanda hərbi müttəfiqlik xarakteri daşıyan bir münasibətdir. Hazırda Azərbaycan və Türkiyə arasında bəzi regionlarda ortaq fəaliyyət istiqamətləri mövcuddur. Xüsusilə də Cənubi Qafqazda Azərbaycan-Türkiyə ittifaqı əsas geosiyasi iradə sahibi kimi çıxış edir. Bu regionda Azərbaycan-Türkiyə ittifaqının müsbət qarşılamadığı heç bir xarici gücün maraqlarını reallaşdırması mümkün deyil. Bu baxımdan demək olar ki, Cənubi Qafqaz artıq tam şəkildə Azərbaycan-Türkiyə ittifaqının təsir və nəzarəti altındadır. Eyni zamanda bu iki ölkə Yaxın Şərqdə də sıx əməkdaşlıq edir və yüksək səviyyədə birgə fəaliyyət göstərirlər. Xüsusilə də Suriyanın yenidən bərpası prosesində Azərbaycan və Türkiyə arasında sıx tərəfdaşlıq mövcuddur. Bu əməkdaşlıq müxtəlif sahələri əhatə etməklə Suriyanın gələcək taleyində mühüm rol oynaya bilər. Həmçinin Azərbaycan və Türkiyənin ortaq təhlükəsizlik maraqları da var. Bura hər iki ölkənin hərbi müdafiə sistemlərinin təkmilləşdirilməsi, orduların ən müasir silahlarla təchiz olunması və hərbi sənaye komplekslərinin ortaq istehsal imkanlarının gerçəkləşdirilməsi kimi mühüm məsələlər daxildir. Hazırda bu iki qardaş dövlət strateji müttəfiqlik əlaqələrini daha da inkişaf etdirmək və ortaq təhlükəsizlik sisteminin qurulması istiqamətində qətiyyətli addımlar atmaqda davam edir".
Səidə Ramazanova