"Bayrağımızı təhqir edənlər ictimai qınaq obyektinə çevrilməlidir"- Mübariz Göyüşlü- ÖZƏL

İmişli rayonunun Sarıxanlı kəndində 9 May - Qələbə Günü münasibətilə keçirilən tədbir müzakirələrə səbəb olub. Tədbir zamanı SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinə sancılıb. Bundan əlavə, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov "Georgi lenti" taxaraq SSRİ bayrağı fonunda çıxış edib. 

Mövzu ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında qeyd edib ki, bayrağımızı təhqir edənlər ictimai qınaq obyektinə çevrilməlidir:
"Hesab edirəm ki, SSRİ adlı imperiyanın bayrağını, "Georgi lenti"ni   yaxasına taxmaq, nümayiş etdirmək ölkənin aparıcı bir ictimai təşkilatının - Ağsaqqallar Şurasının rayon şöbəsi rəhbəri  üçün yolverilməzdir. Axı  Ağsaqqallar Şurası aparıcı bir ictimai təşkilatdır və onun sıralarında minlərlə üzv birləşir. Onun bir rayon şöbəsi rəhbərinin belə bir hərəkət etməsi utancvericidir. Bu, müstəmləkə təfəkkürünün göstəricisidir. Biz  artıq 1992-ci ildə müstəqillik qazanmışıq, amma baxırıq ki, hələ də müstəmləkə təfəkkürü ilə yaşayan insanların əhatəsindəyik. Mən bu hadisəni şiddətlə qınayıram və hesab edirəm ki, Ağsaqqallar Şurasının idarə heyətinin bu məsələyə münasibəti - xüsusilə də Misir Mərdanovun açıqlaması  çox yerində idi. Mən onu təqdir edirəm. Hesab edirəm ki, Ağsaqqallar Şurası doğru qərar verdi. Həmin şəxsi  vəzifədən azad etməklə və bu halların təkrarlanmaması üçün aidiyyəti qurumları - yəni hər şeyi yalnız dövlət qurumlarından gözləmək də lazım deyil - həmçinin digər ictimai qurumları da məsələyə sərt reaksiya verməyə çağırdı. Mətbuat da bu məsələdə üzərinə düşəni etməlidir. 
Bizim üçün müqəddəs olan bayrağımızdır, gerbimizdir, bizim dövlətçiliyimizdir. Biz vətənpərvərlik düşüncəsinə, azərbaycançılıq ideologiyasına sarılaraq, bayrağımıza sarılaraq ölkəmizi qorumalı, suverenliyimizi bərpa etmiş bir ölkə kimi müstəqil dövlətçiliyimizi daha da gücləndirməliyik. 
Müstəmləkə təfəkkürlü bir "SSRİ bayrağına", onun rəmzinə sarılmaq və yaxud da onu təbliğ etmək yolverilməzdir. Bu kimi hadisələr şiddətlə qınanmalı və bu şəxslər nüfuzlu proseslərdən, tədbirlərdən kənarlaşdırılmalı, ictimai qınaq obyektinə çevrilməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31