“Ağsaqqallar Şurası kimi qurumlar nəinki faydasızdır, hətta…” – Zeynal Əmrəliyev – ÖZƏL

İmişli rayonunun Sarıxanlı kəndində 9 May - Qələbə Günü münasibətilə keçirilən tədbir zamanı SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinə sancılıb. Bundan əlavə, rayon  Ağsaqqallar Şurasının sədri  Saleh Səmədov "Georgiy  lenti" taxaraq SSRİ bayrağı fonunda çıxış edib. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub.

"İmişlidə Ağsaqqallar Şurasının sədrinin etdiyi hərəkət, təbii ki, qəbulolunmaz davranışdır və bu, cəmiyyətimizdə bir çox suallar doğurur. Eyni zamanda  bu hadisə göstərir ki, hələ də ölkəmizdə təhlükə mövcuddur və bu  baxımdan  ciddi  bir təhdidlə üz-üzəyik. Təəssüf doğuran haldır ki,  Azərbaycanda  Sovet  dövrünün nostaljisini yaşayan şəxslər açıq şəkildə mövcuddur və bu, həqiqətən də təhlükəli bir tendensiyadır. Əgər buna qarşı tədbir  görülməsə,  Rusiya bu kimi hallardan istifadə edə bilər. Necə ki, Ukraynada da bu vəziyyətdən istifadə edərək ciddi fəsadlar törətdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi qeyd edib ki, Ağsaqqallar Şurası kimi sovet dövründən qalma qurumların fəaliyyəti artıq cəmiyyətə fayda vermir və ləğv olunmalıdır:

"Rusiyanın keçmiş müttəfiq respublikalara qarşı niyyətləri heç də səmimi deyil. Bu ölkədə müəyyən dairələrin bu istiqamətdə konkret planları mövcuddur. Biz bunun əlamətlərini Bakıda və Rusiya ətrafında  baş verən hadisələrdən dəfələrlə görmüşük. Həmçinin Azərbaycanda rusiyayönümlü halların baş verməsi və Rusiya rəhbərliyinə yaxın media vasitələrinin səsləndirdiyi fikirlər bu təhlükənin varlığını təsdiqləyir. Fakt odur ki, İmişlidə  Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun Qələbə abidəsinin qarşısında SSRİ bayrağı ilə çıxış etməsi və bu zaman "Georgiyevski lent"indən istifadə etməsi - hansı ki, bu lent son zamanlar Rusiya işğalının rəmzi sayılır - cəmiyyət üçün ciddi siqnaldır. Hələ bu azmış kimi, jurnalistlərə verdiyi açıqlamada SSRİ bayrağını Türkiyə bayrağı ilə müqayisə etməsi çox ciddi qüsurdur. Bu həm də  Ağsaqqallar Şurasının və İmişli rayon rəhbərliyinin bu məsələlərə diqqətlə yanaşmalı olduğunu göstərir. Ümumilikdə düşünürəm ki,  Azərbaycanda Ağsaqqallar Şurası kimi qurumların fəaliyyətinə yenidən baxılmalıdır. Bu qurumlar Sovet dövründən qalma institutlardır və artıq ləğv edilməsinin zamanı çatıb. Belə strukturların xalq üçün heç bir real faydası yoxdur".

Siyasi şərhçinin sözlərinə görə, Ağsaqqallar Şurası kimi qurumlar nəinki faydasızdır, hətta təxribatlara zəmin yarada bilər və onların fəaliyyətinə ciddi nəzarət olunaraq ləğvi müzakirəyə çıxarılmalıdır.

"İmişli rayonunun timsalında da gördük ki, bəzi bölgələrdə bu şuraların rəhbərliyində dayanan şəxslər "ağsaqqallı" adına yaraşmayan davranışlar sərgiləyirlər. Bu kimi halların gənclərə heç bir müsbət nümunə vermədiyi açıqdır. Belə hadisələr göstərir ki, Ağsaqqallar Şurasının fəaliyyəti ciddi şəkildə müzakirəyə çıxarılmalı və bu qurumun fəaliyyətinə ümumrespublika səviyyəsində son qoyulmalıdır. Eyni zamanda belə məsələlərə ciddi nəzarət olunmalıdır. Ölkəmizə qarşı zaman-zaman müxtəlif təxribatlar həyata keçirilir və bu kimi şəxslər həmin təxribatlara şərait yaradırlar. Ona görə də dövlət orqanları bu istiqamətdə nəzarəti gücləndirməli, təxribatların qarşısının alınmasında fəal iştirak etməlidirlər. Allaha şükür ki, aidiyyəti orqanlar bu sahədə fəaliyyət göstərirlər, lakin digər qurumlar da onlara dəstək olmalı və məsuliyyət daşımalıdırlar".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31