Azadlıqda qalmış Xocalı qatilləri yenidən fəallaşır- ÖZƏL
14 May 2025 12:39 Siyasət"Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın son dövrlər fəallığı hiss olunur. Müşahidələr göstərir ki, bu vələdüznaların məqsədi iqtidarı ələ keçirmək, öz ağalarının diktə siyasətini davam etdirməkdir. Universitet tələbələrilə görüşündə Sarkisyan qeyd edib: "Mənim mübarizəm Ermənistanda hakimiyyət üçün deyil, hakimiyyət dəyişikliyi uğrundadır". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Mediaya açıqlamarında mütəmadi olaraq bunların hər ikisi ötən dövrlərə köks ötürərək, Qarabağa yenidən dönəcəkləri ilə bağlı sərsəm fikirlər bildiriblər. Rusiyanın dəstəklədiyi bu şəxslərin məlum keçmişi, müharibə cinayətlərində iştirakını təsdiqləyən yetərincə təkzibolunmaz faktlar ortadadır. Yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən bu zatıqırıqların bu gün Bakı Hərbi Məhkəməsində öz silahdaşları ilə birlikdə cavab verməməsi təəssüf doğurur. Şübhəsiz ki, bir gün bunlarda məhkəmə qarşısına çıxarılacaq. Bu prosesə təkan vermək üçün Robert Köçəryan, Serj Sərkisyan və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır.
Onu da unutmaq olmaz ki, son dönəmlər bunların fəallığı səbəbsiz deyil. Nüfuzdan düşmüş, korrupsiya hallarında adı hallanan, regiona fəlakət gətirən bu şəxslərdən Rusiyanın yenidən istifadə edəcəyi mümkün variantdır. Ehtimal etmək olar ki, Rusiya öz əlaltılarını hakimiyyətə gətirmək üçün şəraitin yetişməsini gözləyir. Bir məqam aydındır ki, hay məmləkətinin başında istər Paşinyan dursun, istərsə də, digər bir yan olsun, bu fərq etməz. II Qarabağ müharibəsi Ermənistan ictimaiyyətinə yaxşı dərs olub. Amma, lakin bütün bunlar bizi heç vəclə arxayın etməməlidir. Azərbaycan dünyanın çox zəruri çağrışlarını və regionda gedən prosesləri hər zaman diqqətdə saxlamalıdır".