İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir- ÖZƏL
14 May 2025 12:25 Siyasət"44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Azərbaycan xalqının iradəsini, gücünü və birliyini nümayiş etdirdi. Müharibə dövründə Azərbaycan bir addım da geri atmadı, Ermənistan isə bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Şanlı Azərbaycan Ordusu müharibədə erməni ordusunu darmadağın edib. Bu fakt Hərbi Qənimətlər Parkında da özünün real mənzərəsini göstərir. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Beynəlxalq təşkilatlar və dövlətlər işğalçı Ermənistana təzyiq göstərmədiyi üçün Azərbaycan öz gücünə problemi həll etdi. Xüsusilə, Qələbənin əldə olunmasında xalqımızın Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu Qələbəmizi şərtləndirən amillər sırasındadır".