Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmir- ÖZƏL

"30 il ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisi deputatı Sevinc Fətəliyeva deyib: "Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Mayın 11-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı Kəngərli kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi tarixi bəyanatla Azərbaycanın 30 ildən artıq davam edən mübarizəsinin yekun qiymətini verdi. Dövlətimizin başçısı bəyan etdi: "Azərbaycan mütləq və tam qələbə qazandı". Bu ifadə təkcə emosional deyil, həm də geosiyasi və hüquqi məna daşıyan bəyanatdır. Müasir tarixdə çox az sayda müharibə belə nəticə ilə bitib. Azərbaycanın Qarabağda əldə etdiyi zəfər bu baxımdan istisnadır. Nəzərə alaq ki, İkinci Dünya müharibəsindən sonra dünyada baş verən silahlı münaqişələrin əksəriyyəti ya atəşkəslə, ya da qeyri-müəyyən razılaşmalarla başa çatıb. Bütün bunların fonunda Azərbaycanın müharibəni öz siyasi və hüquqi şərtləri ilə başa vurması dünyada nadir hadisədir. Azərbaycanın Vətən müharibəsində hərbi uğuru dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. Bu səbəbdən dünyanın bir sıra inkişaf etmiş ölkələri də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənməyə başladılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31