“Bu qardaşlıq əlaqələri siyasi maraqlar üzərində deyil…”— ÖZƏL

Mayın 13-də Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib. Görüşdə Okay Məmişin ilk xarici səfərini Azərbaycana etməsi yüksək qiymətləndirilib. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini və təhlükəsizlik sahəsində əməkdaşlığın uğurla davam etdiyini vurğulayıblar.

Maraqlıdır, Azərbaycan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı mərhələdə əsas prioritetləri və gələcək perspektivləri nələrdir?

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib ki, 
"Türkiyə və Azərbaycan arasında əlaqələr günü-gündən daha da dərinləşir və tarixinin zirvə dönəmini yaşayır. Bu qardaşlıq əlaqələri siyasi maraqlar üzərində deyil, dərin tarixi bağlar, ortaq tarix, ortaq kimlik üzərində formalaşıb. Belə münasibətə beynəlxalq arenada çox az təsadüf edilir.  Bütün sahələrdə -  siyasi, iqtisadi, enerji, hərbi istiqamətlərdə inteqrasiya dərinləşir. Bu istiqamətlər içərisində xüsusi yer tutan amil isə məhz təhlükəsizlikdir. Azərbaycan-Türkiyə əlaqələri həm də regional və qlobal təhlükəsizliyə töhfə verir. Bu əməkdaşlıq üçüncü tərəfə qarşı nəinki tuşlanmır, əksinə, bütün üçüncülərin bu münasibətdən faydalanmasına şərait yaradır. Azərbaycan və Türkiyə arasında müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri, siyasi münasibətlər üçün təkanverici amildir. Şuşa Bəyannaməsinə uyğun olaraq, Azərbaycan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə genişlənir. Beynəlxalq münasibətlər sisteminin fundamental transformasiyalara məruz qaldığı və yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə, dünyada kataklizmlərin intensivləşdiyi, gərginliklərin bütün coğrafiyalara yayıldığı bir vaxtda təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinə böyük ehtiyac var. ürkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişin ilk xarici səfərini Azərbaycana etməsi də bu sahədə əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyindən və zamanın reallıqlarına uyğun tənzimlənəcəyindən xəbər verir."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31