Azərbaycan yalnız hərbi deyil, həm də hüquqi və mənəvi qələbə əldə edib- ÖZƏL
13 May 15:03 Siyasət"44 günlük Vətən müharibəsində qazanılan zəfər, o cümlədən bir günlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla da bütün respublika ərazisində Konstitusiya quruluşu bərqərar edildi. Bu faktlar yalnız hərbi deyil, həm də hüquqi və mənəvi qələbədir. Artıq dünya ictimaiyyəti Azərbaycanın bu uğurunu rəsmən tanımağa başlayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisi deputatı Sevinc Fətəliyeva deyib: "Eyni zamanda, dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə həbs olunaraq ədalət mühakiməsinə çıxarılıb. Separatçıların rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması, etnik təmizləmə və müharibə cinayətləri ilə bağlı istintaq aparılması ədalətin bərpası baxımından mühüm addımdır. Bu proses Nürnberq tribunalını xatırladır. Çünki həmin məhkəmədə də müharibə cinayətləri törədənlər yalnız hərbi yox, hüquqi yollarla cəzalandırıldı. İkinci Dünya müharibəsində qanlı cinayətlər törətmiş faşistlərin layiq olduqları cəzaları alması dünya ictimaiyyəti tərəfindən dəstəkləndi. Azərbaycan da analoji şəkildə qanunun aliliyini təmin edir.
Onu da qeyd etmək lazımdır ki, müharibə başa çatdıqdan sonra Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi təşəbbüsünü irəli sürüb. Bu məqsədlə dövlətimiz Ermənistana sülh sazişinin imzalanması təklif etdi. Yəni, müharibənin nəticələri artıq siyasi-hüquqi müstəvidə təsbit olunur. 2022-ci ilin oktyabrında Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanımağa məcbur oldu. Eləcə də, sərhədlərin delimitasiyası çərçivəsində ötən il Qazax rayonunun 4 kəndi qan tökülmədən Azərbaycana qaytarıldı. Həmçinin, dövlət sərhəddinin 12 kilometrlik hissəsi tam müəyyənləşdirilib. Beləliklə, sülh sazişi üzərində danışıqlar da real mərhələyə keçmiş oldu və bu ilin mart ayında tərəflər sazişin mətni üzərində tam razılığa gəliblər. Sülh sazişini imzalamaq üçün sadəcə, Ermənistan Azərbaycanın məlum şərtlərini yerinə yetirməlidir. Bunlar Azərbaycanın təkcə hərbi deyil, həm də diplomatik və hüquqi səviyyədə qalib çıxmasının sübutudur".