Erməni barbarlarının məhv etdiyi tarixi, dini və mədəni abidələr bərpa edilir- ÖZƏL
11:39 Siyasət"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevinin Qarabağ və Şərqi Zəngəzura bu dəfəki səfərləri də mühüm tarixi əhatə etməklə yanaşı yaddaqalan məqamlarla zəngin oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümündə işğaldan azad edilən bölgələrimizə insanların geri qayıdışı, açılışı edilən mühüm obyektlər, əsası qoyulan mühüm layihələrin tarixi əhəmiyyəti olduqca böyükdür. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən 5 ilə yaxın müddətdə ərazilərin mənfur ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsi ilə yanaşı bölgədə böyük-quruculuq-bərpa işləri icra olunur. Zəngilanda, Şuşada, Laçında, Cəbrayılda, Ağdərədə, Ağdamda, Ağalıda, Talış kənddə və işğaldan azad edilmiş digər ərazilərimizdə artıq keçmiş qaçqın və məcburi köçkünlər öz doğma yurdlarında məskunlaşıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirakı bu baxımında əlamətdar oldu. Bu dövlətimizin erməni barbarlarının 30 il dağıdıb viran qoyduğu, məhv etdiyi tarixi dini, mədəni abidələrin bərpası ilə yanaşı yeni məscidlərin də inşasının, ziyarətə açılmasının bariz nümunəsidir. Artıq Daşaltı kəndinin yenidən qurulması layihəsi də hazırlanıb ki, qısa zamanda bu kəndin sakinlərinin də öz ata-baba ocaqlarına geri dönüşü təmin olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı isə bu bölgədə yaşayan və çalışan insanlara xidmət edəcək. Bu bir reallıqdır ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir".