“Hələ tam şəkildə təşkilatın ləğvindən, izinin-tozunun silinməsindən danışmaq tezdir” - ÖZƏL
10:16 SiyasətTerror təşkilatı PKK qurultayının yekun bəyannaməsində silahı yerə qoyduğunu və özünü ləğv etdiyini bəyan edib. Bu addım MHP sədri Dövlət Baxçalının "Terrorsuz Türkiyə" təşəbbüsünə və İmralıdan gələn çağırışa cavab olaraq atılıb. Öcalanın çağırışı əsasında tarixi qərarların qəbul edildiyi vurğulanıb.
Maraqlıdır, PKK-nın ləğv olunması Türkiyə və region üçün hansı siyasi və təhlükəsizlik dəyişikliklərinə yol aça bilər?
Mövzu ilə bağlı politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib ki,
"Terrorun ləğvi məsələsi uzun illərdir Türkiyənin gündəmindədir - xüsusilə də PKK terroru. 1980-ci ildən bəri Türkiyənin başına gələn, on minlərlə insanın vəfatına səbəb olan bir hadisədir bu.Minlərlə şəhidin qanı var, Türkiyə şəhidlərinin qanı PKK-nın əlindədir. Bu PKK terroru bölgəyə təhdid törətməklə yanaşı, Türkiyənin iqtisadiyyatına, sosial rifahına, xüsusən də Şərqi Anadolunun inkişafı istiqamətində atmalı olduğu addımlara, həyata keçirilməli olan layihələrə müəyyən qədər maneə yaradırdı. Və nəhayət ki, 45 ildən sonra PKK terror təşkilatı silahı yerə qoydu.PKK rəhbərlərindən Abdullah Öcalanın bununla bağlı çağırışı olmuşdu. Türkiyədə AK Partiya hökumətinin uzun illərdir siyasi proqramının əsas məqsədlərindən biri də məhz PKK-nın ləğvi idi. Daha sonra MHP ilə birlikdə bu istiqamətdə addımlar atıldı və Dövlət Bahçelinin də bu prosesdə rolu danılmazdır.Əgər terror təşkilatı həqiqətən də dediklərinə əməl edərsə... Burada başqa bir nüans da mövcuddur: terror təşkilatının fərqli-fərqli şəxslər tərəfindən idarə olunması, tör-töküntülərinin qalması və fəaliyyətlərini davam etdirməsi ehtimalı. Ona görə də, hələ tam şəkildə təşkilatın ləğvindən, izinin-tozunun silinməsindən danışmaq tezdir.Amma ümid edirik ki, bu baş verəcək. Bunun olmaması Türkiyənin qarşısında yeni imkanlar açmış olacaq. Hər şeydən əvvəl bölgə insanı üçün təhdid aradan qalxmış olacaq.On minlərlə insan həyatını itirib. İkinci növbədə, bu hadisə Türkiyədə siyasi sabitliyin təmin edilməsi baxımından vacibdir. Fərqli etnik və dini qrupların bir çətir altında birləşməsi aspektindən də əhəmiyyətlidir.Üçüncü olaraq, Türkiyənin Şərqi Anadoluda investisiyalar yatıraraq həmin bölgəni inkişaf etdirməsi baxımından önəmlidir. Dördüncü növbədə isə, xarici dövlətlərin PKK-dan istifadə edərək Türkiyəyə qarşı təzyiq imkanlarını itirməsi aspektindən böyük əhəmiyyət daşıyır. Ümumilikdə isə, bu hadisə ölkənin gələcək inkişafı və rifahı baxımından tarixi bir dönüş nöqtəsidir.Bu həm də Türkiyəyə imkan verəcək ki, Yaxın Şərq və Orta Şərq regionunda təhdid törədən digər məsələlərlə, o cümlədən İŞİD təhdidi ilə mübarizəni daha da genişləndirsin - xüsusilə də Suriya istiqamətində. Həmçinin bu, Türkiyəyə imkan yaradacaq ki, artıq hərbi və təhlükəsizlik məsələlərini nisbətən arxa plana çəkərək, iqtisadi sahədə daha çox islahatlar və əməli tədbirlər həyata keçirsin.Yenə deyirəm, bu, vəziyyətin kontekstindən asılıdır. PKK həqiqətən də ləğv olunacaqmı? Yəni praktik olaraq terrordan tam şəkildə əl çəkəcəkmi? İzi-tozu qalacaqmı, ya yox? Amma əgər bu baş verərsə, sözsüz ki, Türkiyənin qarşısında yeni imkanlar yaranacaq və ölkənin həm daxili sabitliyi, həm də regional çəkisi daha da artacaqdır".