“Sülhün əldə olunub-olunmaması məhz bu iki məsələnin həllindən asılı olacaq”- ÖZƏL

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın 15 mayda İstanbulda danışıqlara başlama təklifinə cavab olaraq bildirib ki, ölkəsi yalnız 12 maydan qüvvəyə minən "tam, uzunmüddətli və etibarlı" atəşkəs rejimi qəbul edilərsə, danışıqlara hazır olacaq.  
Maraqlıdır, Rusiya tərəfinin ilkin şərtsiz danışıqlarda israrlı olması fonunda, tərəflər arasında real dialoqun başlanması nə dərəcədə mümkündür və bu ziddiyyətlər sülh prosesinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib ki, 
"İstanbul görüşləri həm Rusiya, həm də Ukrayna üçün böyük əhəmiyyət daşıyır. Hər iki tərəf üçün Türkiyə bu baxımdan uyğun məkan sayılır. Çünki həm Rusiya, həm də Ukraynanın Türkiyə ilə münasibətləri kifayət qədər yaxşıdır.
Rusiya-Ukrayna müharibəsində Türkiyə bu günə qədər heç kimin etmədiyini etmiş və taxıl böhranının həllinə nail olmuşdu. Lakin mövcud vəziyyətdə tərəflərin maksimalist davranış sərgilədiyi müşahidə olunur ki, bu da başa düşüləndir. Hər iki tərəf sülh masasına oturarkən mümkün qədər çox tələb irəli sürür. Bu tələblərin hamısı qarşılanmasa belə, onların bir hissəsinin həyata keçməsi belə tərəflər üçün müəyyən qazanc sayılır.Hazırda Kiyev və Moskva maksimalist mövqelərindən çıxış edir. Bu, yalnız bu münaqişəyə aid məsələ deyil. Dünyanın bütün münaqişələrində tərəflərin maksimalist yanaşmaları müşahidə olunub.Əlbəttə ki, həm Ukrayna, həm də Rusiya müəyyən geri addımlar atmalıdır. Əks halda müharibə daha da uzanacaq. Aydındır ki, bu müharibədən həm Rusiya, həm də Ukrayna ciddi şəkildə zərər görür. Və buna görə də artıq mənasını itirmiş, minlərlə insanın həyatına son qoymuş bu müharibədə dayanmaq üçün maksimalist prinsiplərdən vaz keçilməlidir.Lakin bəzi məsələlər var ki, onların həlli olmadan sülhə nail olmaq çətindir. Məsələn, Ukraynanın gələcək təhlükəsizliyi, Rusiya tərəfindən ələ keçirilmiş Ukrayna torpaqlarının taleyi, müharibə nəticəsində yaranmış vəziyyətin dəyişdirilməsi və təzminat məsələləri mühüm müzakirə mövzularıdır.Bu məsələlərdən yalnız təzminat mövzusu zamanla həll oluna bilər, əsirlər məsələsi isə daha qısa müddətdə öz həllini tapa bilər. Lakin əsas və ən çətin məqam Ukraynanın gələcək təhlükəsizliyi və ələ keçirilmiş torpaqlar məsələsidir. Sülhün əldə olunub-olunmaması məhz bu iki məsələnin həllindən asılı olacaq".

Gülxanım Əliyeva 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31