Çağdaş Azərbaycanın qurucusu

10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuş Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş, dövlətçiliyin qurulması və qorunmasında müstəsna rol oynamışdır. Onun həm sovet dövründə, həm də Azərbaycanın müstəqillik illərindəki fəaliyyəti, ölkənin inkişafında və gələcək strategiyasının müəyyənləşməsində mühüm yer tutur.

Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirərək Azırbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, lakin müharibə səbəbindən təhsilini yarımçıq qoyaraq təhlükəsizlik orqanlarında xidmətə başlamışdır.

1950-1960-cı illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) inkişaf edərək general-mayor rütbəsinə qədər yüksəlmiş və Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunmuşdur.

1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi. Bu hadisə Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu. Onun rəhbərliyi ilə Azərbaycanda sənaye müəssisələrinin sayı artırıldı, kənd təsərrüfatında yüksək nailiyyətlər əldə olundu. Milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirildi, təhsil, səhiyyə və mədəniyyət sahələrində ciddi inkişaflar müşahidə edildi.

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Bu, Sovet İttifaqının ikinci ən yüksək icraedici vəzifəsi idi. Burada O, ümumittifaq miqyasında iqtisadi və sosial məsələlərin həllində iştirak etdi.

1987-ci ildə O, Mixail Qorbaçovun apardığı qeyri-sabit islahatlarla razılaşmayaraq könüllü şəkildə istefa verdi. Bu addımı onun prinsipial mövqeyinin və müstəqil düşüncəsinin sübutu kimi qəbul olunur.

1990-cı ilin əvvəlindən SSRİ dağılmağa başlayanda Heydər Əliyev Azərbaycana qayıtdı və doğma Naxçıvanda siyasi fəaliyyətə başladı. O, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. O, burada dövlətçilik ənənələrinin qorunmasına çalışdı, Azərbaycan milli dövlət bayrağının bərpasına və milli ideologiyanın təbliğinə nail oldu. Ermənistanla sərhəddə təhlükəsizliyin təmin edilməsini özünün gündəlik fəaliyyətinin prioritetinə çevirdi...

1993-cü ilin yayında Azərbaycanda dərin siyasi böhran yarandı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vəziyyətdə uzaqgörən xalqımız üzünü Naxçıvana çevirdi və Heydər Əliyevi Bakıya dəvət etdi. Həmişə olduğu kimi, bu dəfə də O, xalqın tələbini yerinə yetirərək Bakıya gəldi. İyun ayında onu Azərbaycan Milli Məclisi Azərbaycan Ali Sovetinin sədri seçdi. Bir müddətdən sonra isə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Həmin ilin oktyabrında keçirilən seçkilərdə Heydər Əliyev alternativ namizədləri üstələyərək, demokratik yolla Azərbaycan Respublikasının Prezidenti seçildi...

Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan demək olar yenidən quruldu. 1990-cı illərin əvvəllərindəki anarxiya və silahlı toqquşmaların qarşısı alındı. Dövlət institutları bərpa olundu və gücləndirildi. Milli ordu quruculuğuna başlanıldı.

1994-cü ilin payızında dünyanın aparıcı neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi müstəqilliyinə və beynəlxalq nüfuzuna güclü təkan verdi. Bu müqavilə sayəsində xarici sərmayələrin ölkəyə axını başlandı, yeni iş yerləri yaradıldı, ölkənin neft infrastrukturu müasirləşdirilidi.

Bu müqavilənin nəticəsi kimi xarici neft şirkətləri Azərbaycana investisiya qoymağa başladılar. Nəticədə ölkəyə 5,5 milyard dollar birbaşa xarici investisiya daxil oldu. 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Bu fondun məqsədi neft gəlirlərinin səmərəli idarə olunması və gələcək nəsillərin rifahının təmin olunması idi.

1995-ci ildən başlayaraq, dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi prosesi həyata keçirildi. Bu nislahatlar nəticəsində 2239 kolxoz və sovxoz ləğv edilərək, onların bazasında yeni özəl təsərrüfatlar yaradıldı.Bu addımlar bazar iqtisadiyyatının formalaşmasına və özəl sektorun inkişafına şərait yaratdı.

Torpaq islahatı çərçivəsində minlərlə hektardan çox torpaq sahəsi kəndlilərə paylandı. Bu, kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdi.

Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri nəticəsində Azərbaycanın nəqliyyat və enerji infrastrukturunda mühüm irəliləyişlər əldə olundu. Bu layihələr ölkənin beynəlxalq ticarət və enerji tranzitində mühüm rol oynamasına şərait yaratdı.

Ümumilikdə Ümummilli Liderin iqtisadi islahatları Azərbaycanın müstəqil dövlət olaraq inkişafının təməlini qoydu və ölkənin iqtisadi müstəqilliyini təmin etdi.

Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyası sürətləndi (BMT, ATƏT, GUAM, İslam Konfransı Təşkilatı və s.), qonşu dövlətlərlə və qərb ölkələri ilə strateji münasibətlər quruldu.

Ümummilli Lider Heydər Əliyev Qarabağ məsələsində hərbi-siyasi balansı qoruyaraq, sülh yolu ilə münaqişənin həllinə çalışdı. 1994-cü ilin mayında atəşkəsə nail olundu ki, bu da daha böyük itkilərin qarşısını aldı...

Heydər Əliyev 12 dekabr 2003-cü ildə ABŞ-ın Klivlend şəhərində vəfat etdi. Onun siyasi irsi bu gün Azərbaycan dövlətçiliyinin əsas təməl daşlarından biri hesab olunur. 2003-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir.

Vüqar Sərdarov

İçəri Şəhər Qoruq İdarəsinin Elmi Mədəni

Mərkəzin direktor müavini, YAP Səbael rayon Ərazi Təşkilatının sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31