“İranın vasitəçiliyi nə tərəflər, nə region üçün uyğundur” – Elçin Xalidbəyli – ÖZƏL

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın  Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçi rol oynaya biləcəyini qeyd edib. Bu açıqlama Tehran rəhbərliyinin Cənubi Qafqazda fəallaşmaq istədiyini bir daha göstərir.

İranın bu prosesdə hansı geosiyasi maraqları var? Regionda nüfuz uğrunda artan rəqabət fonunda Bakı Tehranın bu təklifinə razılıq verəcəkmi? Rəsmi İrəvanın mövqeyi necə olacaq?

"İranın  Azərbaycan və Ermənistan arasındakı sülh prosesində vasitəçi olmaq istəyi, əslində Cənubi Qafqazda özünə təsir mexanizmləri yaratmaq niyyətindən qaynaqlanır. Rəsmi Tehran bu regionda fəal geosiyasi oyunçulardan birinə çevrilməyə can atır. Lakin bu məqsədə çatmaq üçün qarşısında ciddi maneələr var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O qeyd edib ki, İranın vasitəçilik cəhdləri nə regional güclərin maraqlarına, nə də  Azərbaycan və Ermənistanın mövqelərinə uyğun gəlmədiyindən, sülh prosesində onun rolu real və qəbulolunan sayılmır:

"İranın tərəfsiz vasitəçi olması real görünmür. Çünki bu ölkə Azərbaycan və Ermənistan arasında münaqişənin ilk günlərindən açıq şəkildə Ermənistanın tərəfində yer alıb. Bu gün də İran Ermənistanı dəstəkləməyə davam edir. Belə olan halda onun vasitəçilik cəhdlərini obyektiv və qərəzsiz saymaq sadəlövhlük olardı. Digər tərəfdən, Ermənistan özü də İranın vasitəçiliyinə razılıq verməz. Çünki hazırda rəsmi İrəvan Qərb siyasi dairələrinin təsiri altındadır və müəyyən mənada onların geosiyasi platformasında çıxış edir. Qərb isə İranın Cənubi Qafqazda gedən proseslərə fəal şəkildə müdaxilə etməsində maraqlı deyil. Bu səbəbdən Qərb Ermənistanın İranın vasitəçiliyini qəbul etməsinə imkan verməyəcək. Rusiya da İranın vasitəçilik təşəbbüslərinə müqavimət göstərə biləcək güclərdən biridir. Çünki Rusiya da bu regionda mövqelərini qorumaq və möhkəmləndirmək üçün sülh prosesində vasitəçi roluna iddialıdır. Bu baxımdan Moskva İranın bu sahədə fəallaşmasına əngəl törədə bilər. Eyni zamanda, rəsmi Bakı da İranın vasitəçiliyini heç bir halda qəbul etməyəcək. Azərbaycanın bu məsələdə konkret, prinsipial və qətiyyətli mövqeyi var. Həmin mövqe ondan ibarətdir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində heç bir vasitəçiyə ehtiyac yoxdur. Çünki kənar vasitəçilər adətən bu proseslərdə qərəzli mövqe tutur və öz maraqlarını ön plana çıxarırlar. Bu isə sülh prosesini uzadan və əngəlləyən əsas amillərdəndir. Məhz buna görə də Azərbaycan kənar vasitəçilərin iştirakını tamamilə rədd edib və yalnız birbaşa ikitərəfli danışıqlar formatına üstünlük verir. Bu format artıq müsbət nəticələr verməkdədir".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün yalnız iki əsas şərt - Ermənistanın Konstitusiyasında ərazi iddialarından imtina etməsi və Minsk Qrupunun ləğvinə dair birgə müraciət qalır ki, bu da prosesi xarici vasitəçilərsiz başa çatdırmağa imkan verir.

"Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni razılaşdırılıb. Hazırda bu sənədin imzalanmasına əngəl olan cəmi iki məsələ qalır. Birincisi, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələri ləğv etməlidir. Yəni, bu iddiaların hüquqi bazası olan konstitusion müddəalar aradan qaldırılmalıdır. İkincisi, Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə rəsmi müraciət etməlidir. Bu iki şərt yerinə yetirildikdən sonra sülh sazişinin imzalanmasına heç bir maneə qalmayacaq. Bu səbəbdən artıq yekunlaşmaqda olan bir prosesə nə İranın, nə Rusiyanın, nə Qərbin, nə də hər hansı başqa bir vasitəçinin müdaxiləsinə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan birbaşa təmaslar vasitəsilə mövcud problemləri tədricən aradan qaldıraraq bu prosesi yekun sülh sazişinin imzalanması ilə başa çatdırmaq imkanına malikdirlər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31