“Ermənistan Avropadan yardım istəyir, Azərbaycan isə Avropaya yardım göstərir” – Zeynal Əmrəliyev – ÖZƏL
16:09 Siyasət"Hazırda Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox ciddi problemləri mövcuddur və bu səbəbdən Avropa etibarlı tərəfdaş axtarışındadır. Bu prosesdə Azərbaycan Avropanın bir hissəsinin enerji təhlükəsizliyində aktiv rol oynayıb və faktiki olaraq həmin ölkələrin sabit enerji tərəfdaşına çevrilib. Bu, həmin ölkələrin rəsmilərinin çıxışlarında da etiraf olunur. Onlar bildirirlər ki, ağır durumda olduqları zaman Azərbaycan onların yardımına çatıb və onlara dəstək göstərib".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib. O qeyd edib ki, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi onu Avropa üçün yardım göstərən önəmli ölkəyə çevirib:
"Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, beynəlxalq münasibətlərdə etibarlı mövqe sərgiləməsi və tərəfdaşlarının maraqlarını nəzərə alması onu regionun ən güvənilən ölkələrindən birinə çevirib. Avropanın bir çox ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndə cənab Kaya Kallasın Azərbaycana səfəri və keçirdiyi görüşlər də bu məsələlərin gündəmdə olduğunu göstərir. Bu gün Avropanın ehtiyac duyduğu əsas məsələ - etibarlı tərəfdaşlıqdır. Burada mühüm fərq ondan ibarətdir ki, Ermənistan Avropadan yardım istəyir, Azərbaycan isə Avropaya yardım göstərir. Bu, iki ölkə arasındakı əsas fərqlərdən biridir. Hazırda Avropa özü yardım göstərə biləcək gücdə deyil".
Siyasi şərhçi vurğulayıb ki, Avropa Azərbaycanın regional gücünü və etibarlı tərəfdaşlığını dərk edərək qərəzli yanaşmalardan uzaq durmalıdır.
"Eyni zamanda nəzərə almaq lazımdır ki, Paşinyan hökuməti son dövrlərdə daimi şəkildə qərblə yaxınlaşma siyasəti yürütməkdədir. ABŞ Prezidenti Co Baydenin dövründə Ermənistanla strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Lakin Donald Tramp bu müqaviləyə xüsusi önəm verməmiş və sənədin icrası hələ də tam təmin olunmayıb. Avropanın nümayəndələri isə çalışırlar ki, Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirsinlər. Bu gün regionda Avropa üçün prioritet tərəfdaş məhz Azərbaycandır. Lakin Avropa Parlamentindəki bəzi institutlar da bu reallığı dərk etməlidir. Məsələn, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirən qruplar zərərsizləşdirilməli və bu dairələr Azərbaycanın regional və qlobal əhəmiyyətini, onun gücünü anlayaraq uyğun siyasət həyata keçirməlidirlər".
Z. Əmrəliyev yekun olaraq qeyd edib ki, Avropa artıq Azərbaycanın strateji əhəmiyyətini dərk etməli və onunla əməkdaşlığı bu prizmadan qiymətləndirməlidir.
Səidə Ramazanova