“Azərbaycanlı prezident Xamneyini xətalarını düzəltməyə çalışır” -AÇIQLAMA-ÖZƏL
11:00 Siyasət"İran prezidenti Məsud Peşekianın Bakıya səfəri daha çox son 5 ildə münasibətlərdə Tehranın günahı üzündən yaranmış gərginliyi aradan qaldırmaq məqsədi güdür". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib. Onun sözlərinə görə, azərbaycanlı siyasətçinin prezident postuna yolunun açılması da bu məqsədi güdür:
"Əli Xamneyinin yön verdiyi molla rejimi 2020-23-cü illərdə illərdə Azərbaycana qarşı ciddi siyasi səhvlərə yol verdilər. Panfarsist rejim bölgədə yüksələn türk islamı ruhunu duya, yeni bir gücün-Azərbaycanın doğuşunu hesablaya bilmədilər və ciddi xətalara yol verdilər. 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etmə əməliyyatın başlayanda buna qarşı ən çox çıxan İran dövləti oldu. Xamneyi səviyyəsində Azərbaycan ordusunun işğalçılara qarşı zəfər yürüşündən narahatlıq ifadə olundu. Lakin Azərbaycan öz dostları və müttəfiqlərinin dəstəyi ilə işğal altındakı Qarabağ torpaqlarını azad etdi. İran bu dəfə hələ separatçıların nəzarətində olan Xankəndiyə humanitar, hərbi yardımlarını dayandırmadı. Lakin Azərbaycan bu mərhələni də uğurla adlayıb, dövlət suverenliyini bütün ərazilərinə yaydı. İran pis durumda qaldı, Bakıdakı tərəfdarlarını da çətin vəziyyətə saldı. Əslində Azərbaycan müsəlmanlarına "şiə dünyasının lideri" kimi təqdim olunan Xamneyi ilk gündən Qarabağın erməni işğalçılarından azad edilməsi əməliyyatına mənəvi dəstək verməli idi. Nəinki bunu etmədi, əksinə mane olmağa çalışdı. Tehranda yerləşən Azərbaycan səfirliyinə silahlı terror hücumunun təşkil edilməsi ilə vəziyyət daha da gərginləşdi. İran bununla təkcə Azərbaycanda deyil, bütün islam dünyasında olan-qalan nüfuzunu itirmiş oldu".
Elman Cəfərli deyib ki, helikopter qəzasında həlak olmuş prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Abdullahian Azərbaycanla münasibətlərin korlanmasında əsas rol oynamış şəxslər idi: "İran gec də olsa səhvini anladı və bölgədə yüksələn türk islam ruhuna müqavimətin lüzumsuz olduğunu gördü. Azərbaycanı Pezeşkianın prezidentliyinə "yaşıl işığ"ın yandırılması da bununla bağlı idi. Pezeşkianın tez-tez Azərbaycan dilində şeirlər söyləməsi də bizim cəmiyyətə hesablanmış gedişdir.
Yəqin ki, Pezeşkian Bakıda da Azərbaycan dilində şeirlər oxuyacaq, "İran prezidenti Azərbaycana doğmadır" görüntüsünü yaratmağa çalışacaq. Bütün bunlar Quzeyn insanının alt şüurunda "İranı azərbaycanlılar idarə edir" düşüncəsini yaratmağa hesablanıb. Amma reallıqda belə deyil. 30 ildir yazırıq, mübarizə aparırıq, amma İranda 40 milyona yaxın türkün ana dilində bircə məktəbi belə yoxdur. 150 minlik erməninin isə universiteti, televiziya və radioları, qəzetləri var. Xamneyi rejimi Azərbaycanla münasibətləri qaydasına salmaq istəyirsə, bunun üçün prezidenti Bakıya göndərməyə ehtiyac yoxdur, elə daxildən milli açılıma başlasın, Azərbaycan dilində məktəblər açsın. İndiki İranın sərhədlərini Azərbaycan türkləri müəyyən edib, yüzillərlə qoruyub. Heç olmasa bunun haqqını versinlər".
Siyasi şərhçi hesab edir ki, beynəlxalq aləmdə təklənmiş, Yaxın Şərqdə sıxışdırılmış, proksi qüvvələri məhv edilmiş İranın Bakıdan başqa istəyi də ola bilər: "Yəqin ki, Bakıdan mümkün İsrail-İran toqquşması zamanı tərəfsiz qalması, ərazilərindən İrana qarşı istifadəyə yol verməməsi istəniləcək. Azərbaycan onsuz da bunu edir və biz heç zaman qonşulara qarşı xain üsullardan istifadə etməmişik. Baxmayaraq ki, Vətən müharibəsi zamanı şiə-müsəlman İran gözlədiyimiz dəstəyi bizə vermədi".