Cənubi Koreya: Koreyanın  Kursk vilayətində iştirakı beynəlxalq hüquqa ziddir- ÖZƏL 

Cənubi Koreya hakimiyyəti hesab edir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Kursk vilayətinin azad olunması əməliyyatında iştirak etmək hüququna malik deyildi və Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın dayandırılmasını tələb edir.
Olaylar.az xəbər verir ki, Cənubi Koreya Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Ku Byonq Samın "Yonhap" agentliyinə verdiyi məlumata görə, KXDR qüvvələrinin əməliyyatda iştirakı guya BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla bir sıra beynəlxalq və etik normaları pozur. O, əlavə edib ki, əgər Rusiya və KXDR hərbi əməkdaşlığa davam etsə, Seul beynəlxalq ictimaiyyətlə birlikdə buna "qətiyyətli cavab" verəcək.
Cənubi Koreya Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çon Ha Gyu da Rusiya ilə KXDR arasında əməkdaşlığın qanuniliyini şübhə altına alıb və tərəflərin bu məsələ ilə bağlı verdiyi izahatları "manipulyativ addımlar" kimi qiymətləndirib.
Xatırladaq ki, 26 aprel tarixində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə Kursk vilayətinin Ukrayna qüvvələrinin işğalından tam azad edilməsi barədə məruzə edib. Gerasimov bildirib ki, KXDR hərbçiləri əməliyyat zamanı yüksək peşəkarlıq, döyüş ruhu, cəsarət və qəhrəmanlıq nümayiş etdiriblər. O vurğulayıb ki, KXDR-in yardımı Rusiya ilə KXDR arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinə əsasən həyata keçirilib. Həmin sazişdə iştirakçılardan birinə silahlı hücum olduğu təqdirdə qarşılıqlı hərbi yardım göstərilməsi nəzərdə tutulur.
Bundan əlavə, 28 aprel tarixində Koreya Mərkəzi Teleqraf Agentliyi Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin yaydığı sənədin məzmununu açıqlayıb. Bildirilib ki, Koreya Xalq Ordusunun Rusiyadakı fəaliyyəti BMT Nizamnaməsinə, beynəlxalq hüququn digər normalarına və Rusiya-KXDR strateji tərəfdaşlıq sazişinə tam uyğundur və bu sənədlərin nümunəvi icrası hesab edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31