Kaya Kallasın Bakıya səfəri: Yeni reallıqlar fonunda güclənən tərəfdaşlıq– ÖZƏL
26 Aprel 15:29 Siyasət"Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana rəsmi səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm bir dönüş nöqtəsi olaraq qiymətləndirilə bilər".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Bu səfər ikitərəfli münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Kallasın Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüş, tərəflər arasında etimadın möhkəmləndiyini və gələcək əməkdaşlıq üçün geniş imkanların açıldığını göstərdi. Görüşdə xüsusilə də Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığı və təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələr aparıldığını gördük. Bu da əslində təbiidir. Çünki, hal-hazırda Azərbaycan Avropanın 10 ölkəsinə qaz verir və Avropada qaz təchizatının coğrafiyasına görə birinci yerdə dayanır.
Kallasın səfəri çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar Avropa İttifaqının Azərbaycanın regional və geosiyasi əhəmiyyətini daha dolğun şəkildə anlamağa başladığını göstərir. Bu, Avropa İttifaqının illərdir mövcud olan bəzi stereotiplərdən və birtərəfli yanaşmalardan geri çəkildiyini və Azərbaycanın potensialını daha ətraflı qiymətləndirdiyini ortaya qoyur.
Kaya Kallasın səfəri Avropa İttifaqının Azərbaycanın bölgədəki əhəmiyyətini, Xəzər dənizi - Qara dəniz regionunda oynadığu rolu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yerini tam şəkildə qəbul etdiyini və bu münasibətləri yeni reallıqlara uyğun şəkildə inkişaf etdirməyə hazır olduğunu göstərdi.
Bundan əlavə, Kallasın səfəri, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və çoxtərəfli diplomatiyasının daha bir sübutu kimi qiymətləndirilə bilər. Bu da Azərbaycanın həm Avropada, həm də dünya miqyasında daha güclü və strateji mövqe tutmasına şərait yaradır.
Düşünürəm ki, bu səfərdən sonra biz Azərbaycanla Avropa İttifaqı arasında təkcə enerji sahəsində deyil, həm də geosiyasi, nəqliyyat və təhlükəsizlik məsələlərində də tərəfdaşlıq əlaqələrinin qurulmasına şahidlik edə bilərik".
Zeynəb Rzayeva