Qlobal sülhə və sabitliyə töhfə verən əməkdaşlıq modeli
08:07 SiyasətAzərbaycan və Çin strateji müttəfiqliyi yeni mərhələyə qədəm qoyub
Qlobal geosiyasi dəyişikliklər və dünya sisteminin transformasiyası fonunda Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər getdikcə daha strateji xarakter alır. Hər iki ölkə ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır ki, bu da siyasi dialoqun aktivləşdirilməsində, ticarət dövriyyəsinin artımında və nəqliyyat-logistika sahəsində əlaqələrin genişləndirilməsində özünü açıq şəkildə göstərir. Beynəlxalq arenanın önəmli oyunçusu, siyasi, iqtisadi nüfuzlu ölkə kimi tərəfdaşlığa açıq olan Azərbaycan dünyanın ən güclü ölkələrindən biri Çinlə strateji əməkdaşlığını gücləndirməkdə maraqlıdır.
Məlum olduğu kimi Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.
Yeri gəlmişkən xatırladaq ki, iki ölkə arasındakı münasibətlərin təməli isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra bilavasitə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1994-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və liderlik qabiliyyəti Çin tərəfindən də yüksək qiymətləndirilmişdi. Həmin dövrdə Çin rəhbərliyi artıq Azərbaycanın gələcəkdə regionun aparıcı geostrateji oyunçularından birinə çevriləcəyini öncədən görür və bu baxımdan ölkəmizə xüsusi diqqət yetirirdi. Qarşılıqlı etimada əsaslanan münasibətlər bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdəki çıxışlarında və nüfuzlu xarici media nümayəndələrinə verdiyi müsahibələrində Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətini dəfələrlə vurğulamışdır. Ölkə başçımız Çinin ən böyük media qurumlarından biri olan "China Media Group"a geniş müsahibələr vermiş və ikitərəfli münasibətlərin perspektivlərini xüsusi olaraq diqqətə çatdırmışdır. Bu, həm də Azərbaycan-Çin münasibətlərinin inkişaf dinamikasını və bu günədək əldə edilmiş müsbət nəticələri bariz şəkildə əks etdirir. Bu tərəfdaşlıq yalnız iqtisadi deyil, siyasi və diplomatik sahələrdə də özünü açıq şəkildə göstərir. Azərbaycan bu gün dünyanın ikinci ən böyük iqtisadiyyatına malik, qlobal miqyasda mühüm siyasi nüfuza sahib olan Çinlə bir sıra mühüm layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq münasibətləri qurmuşdur. Azərbaycan və Çin arasında formalaşmış bu strateji tərəfdaşlıq müxtəlif sahələrdə - xüsusən də diplomatik, iqtisadi və siyasi istiqamətlərdə öz bariz təsirini göstərir. Azərbaycan-Çin münasibətlərinin güclü təməli, həm də Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qurulmuş sıx əlaqələr və qarşılıqlı mübadilə mexanizmləri üzərində qurulub. Çin tərəfi, eyni zamanda beynəlxalq platformalarda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləməklə bu münasibətlərin dostluq və strateji əməkdaşlıq xarakterini bir daha təsdiqləmiş olur. Azərbaycanın bu cür böyük iqtisadi və siyasi gücə malik olan Çinlə eyni platformada yer alması, layihələrdə fəal iştirak etməsi, ölkəmizin artan beynəlxalq çəkisinin və geosiyasi rolunun göstəricisidir. Hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun, eyni zamanda qarşılıqlı əməkdaşlığın növbəti mərhələyə keçəcəyinin mühüm göstəricisidir. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasının əasası olacaq. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri çərçivəsində keçirilən görüşlər və müzakirə olunan məsələlər, iqtisadi, siyasi və diplomatik sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Prezident İlham Əliyev Çinin Sinxua agentliyində dərc olunmuş müsahibəsində bu barədə qeyd edib: "Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək".
Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib: "Biz "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir".
Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.
Azərbaycan ilə Çin arasındakı iqtisadi əlaqələrin genişlənməsi, həmçinin beynəlxalq təşkilatlarda da öz əksini tapıb. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə qoşulması, bu əlaqələri daha da gücləndirib. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir. Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurları tətbiq etməklə iki ölkə arasında turizm və mədəni mübadiləni asanlaşdırıb. Bu cür təşəbbüslər, ölkələrimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin dərinləşməsinə imkan verir.
Ümumilikdə qeyd edilməlidir ki, Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.
Alim