Doqquz illik fasilədən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfərini müsbət qarşılayırıq - XİN rəhbəri
13:53 SiyasətDoqquz illik fasilədən sonra Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfəri müsbət qarşılayırıq.
Bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.
"Bu gün doqquz illik fasilədən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfərini biz bir tərəfdən çox müsbət qarşılayırıq və hesab edirik ki, bu səfər Aİ-Azərbaycan əməkdaşlığı və münasibətlərimizin mövcud durumu, gələcək perspektivləri baxımından çox önəmli bir imkandır. Xanım Kaya Kallas ilə bu gün təkbətək və geniş tərkibdə görüşlərimiz oldu və faydalı müzakirələr aparıldı", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətləri tənzimləyən sənədlərin hüquqi əsası 1999-cu ildə tərəfdaşlıq və əməkdaşlıq sazişləri ilə qoyulmuşdu, 2016-cı ildə verilmiş mandat əsasında 2017-ci ildən etibarən yeni hərtərəfli saziş layihəsi üzrə danışıqlara başlanılıb.
"Bir neçə il ərzində aparılan danışıqlar nəticəsində sazişin əhatə etdiyi müxtəlif istiqamətlər üzrə, demək olar ki, 90 faiz məsələlər üzrə razılıq əldə edilib. Bir sıra - əsasən ticarət, iqtisadi istiqamətləri əhatə edən məsələlər üzrə açıq mövzular qalmışdı. Son illər ərzində bu prosesdə bəlli bir durğunluq müşahidə olunurdu və bu gün bu məsələdə müzakirə olundu. Razılaşdıq ki, növbəti aylar ərzində yenidən saziş layihəsi üzrə hər iki tərəf əməli addımlar atacaq. Bundan əlavə hesab edirik ki, sazişi daha da zəngiləşdirmək mümkündür", - C.Bayramov bildirib.