Uşaqlar küçədə yox, məktəbdə olmalıdır –ÖZƏL
13:37 SosialBugün küçələrdə diləndirilən, istismara məruz qalan uşaqların mənzərəsi təkcə sosial reallıq yox, həm də cəmiyyət üçün ciddi bir çağırışdır. Təhsil hüququndan məhrum edilən bu uşaqlar, gələcəyin vətəndaşları olaraq cəmiyyətə inteqrasiya edə bilmir, travmalarla böyüyür, özlərini təhlükəsizlikdə hiss etmirlər.
Mövzuyla bağlı fikirlərini Olaylar.az-a bildirən təhsil eksperti Rizvan Fikrətoğlu bu mənzərənin hüquqi və sosial tərəflərinə toxunub:
"Küçələrdə diləndirilən uşaqların taleyi nəinki dövlət qurumlarını, vətəndaş olaraq hər birimizi narahat etməlidir. Onların təhsildən yayındırılması çox ciddi və kompleks bir sosial problemdir. Küçələrdə dilənçilik edən uşaqlar təhsil hüququndan məhrum edilməklə yanaşı, fiziki və psixoloji istismara məruz qalır, uşaqlıq dövrlərini normal yaşaya bilmir, cəmiyyətə inteqrasiya etməkdə böyük çətinlik çəkir, aldıqları travma ilə xəstə, gərginlik içində yaşayırlar.
Təhsil dövlət siyasətidir və hər bir Azərbaycan vətəndaşının pulsuz icbari ümumi orta təhsil almaq hüququ ölkə Konstitusiyasının 42-ci maddəsi ilə təsdiqlənir.
Uşaqları diləndirmək ölkə qanunvericiliyini tapdalamaq, onun dəyərlərini heçə saymaqdır. Azərbaycan qanunvericiliyinə görə uşaqların dilənçiliyə cəlb edilməsi cinayət sayılır və bu işin iştirakçıları məsuliyyət daşıyır".
Ekspertin fikrincə, bu problemi aradan qaldırmaq üçün təkcə cəzalandırma kifayət etmir:
"Diləndirilən uşaqların taleyi araşdırılmalı, olduqca ciddi, davamlı və daimi işlər görülməlidir. Maddi çətinlik çəkən ailələrə dövlət dəstəyi göstərilməli, uşaqlar təhsilə yönləndirilməlidir. Uşaqların təhsilinin önəmi barədə maarifləndirmə işləri davamlı aparılmalı, onları dilənçiliyə cəlb edən şəxslərə qarşı isə sərt qanuni tədbirlər görülməlidir. Burada bütün qurumların üzərinə məsuliyyət payı düşür".
Zeynəb Rzayeva