Çin Azərbaycanın sülh gündəliyini qətiyyətlə dəstəkləyir

Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyub

Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin qayəsində dünya dövlətləri və beynəlxalq təşkilatlarla ikitərəfli, bərabərhüquqlu əməkdaşlıq durur. Azərbaycanın  xarisi siyasətdə əldə etdiyi uğurları beyəlxalq ictimaiyyətin ölkəmizə qarşı marağını artırıb. Artıq dünyanın güc mərkəzləri, eləcə də söz sahibi olan beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlığa üstünlük verir. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublilasına səfəri dediklərimizi bir daha təsdiq edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə dövlət səfəri edib. Səfərin dövlət səfəri xarakteri daşımasının özü xüsusi əhəmiyyət kəsb edir. Etiraf edilməlidir ki, bu, dünyanın ən güclü dövlətlərindən biri olan Çinin Azərbaycanla əlaqələrə verdiyi önəm və xüsusi diqqətin təzahürüdür. Başqa sözlə, sözügedən dəvəti  Azərbaycan Prezidentinə dünyada olan hörmət, dövlət başçımızın beynəlxalq arenada fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi istiqmətində həyata keçirdiyi siyasətin uğurları kimi dəyərləndirmək olar. Bu arada qeyd edək ki, Çinin önəm verdiyi mühüm məqamlardan biri də Azərbaycanın regionda siyasi sabitliyi və müstəqil siyasəti yürütməsidir. Pekin də bu reallığı qəbul edir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış xətt yürüdərək həm Qərblə, həm Rusiya ilə, həm də Çinlə əlaqələri inkişaf etdirməyə çalışır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun bərpası və yeni texnologiyaların tətbiqində Çin investisiyası mühüm rol oynaya bilər. Əlbəttə, Çin üçün Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda artan marağın nəticəsidir. Bu da əsassız deyil. Çünki  Bakı limanı, Bakı-Tbilisi-Qars dəmiryolu və Zəngəzur dəhlizi Çin üçün Avropaya çıxışda alternativ və təhlükəsiz yol deməkdir. Bundan başqa Azərbaycan nefti və qazı Çin üçün resursların diversifikasiyası baxımından əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı və Çini Avropa ilə birləşdirən əsas tranzit ölkələrdən biri kimi Azərbaycanın geosiyasi əhəmiyyəti Pekinin diqqətindən yayınmır.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb. Onu da bildirək ki, hələ 2024-cü ilin sentyabrında Azərbaycan ilə Çin arasında imzalanmış "Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləmişdi. Bu sənəd təkcə ikitərəfli əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda, dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın Çinlə daha sıx əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirmişdi. Siyasi ekspertlərin qənaətinə görə, Birgə Bəyannamədə tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və qarşılıqlı suverenliyin tanınması kimi vacib məsələlərə dair ortaq öhdəliklərini təsdiqləmişdilər. "Kəmər və yol" təşəbbüsünə dəstəyin ifadə olunduğu sənəddə Azərbaycanın bu təşəbbüsə aktiv şəkildə qoşulduğu öz əksini tapmşdı. Eyni zamanda, Birgə Bəyannamədə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı dəstək ifadə olunmuşdu. Habelə enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığı inkişaf etdirilməsinin vacibliyi önə çəkilmişdi. Bu sənəd Bakı-Pekin xəttində münasibətlərin yalnız iqtisadi deyil, həm də siyasi-strateji əsasda dərinləşdiyinin rəsmi təsdiqi idi.

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında" Birgə Bəyanat da dövlət başçıları ümumi razılığa gəliblər ki, 
hər iki tərəf  xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, "Tayvanın müstəqilliyi"nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan edirlər. 
Həmçinin müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılıq əldə ediblər.Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildiriblər.

Birgə bəyənatdan aydın görünür ki, strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanla Çinin bu əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər. Sözssüz ki, bu niyyət hər iki tərəf üçün əhəmiyyətlidir. Daha dəqiq, hər iki ölkə bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş görür və qarşılıqlı münasibətlərini bu müstəviyə yüksəldirlər.
Tərəflərin bir birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi isə sənədin ana xəttini təşkil edir. Çinin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi isə regionda ədalətli sülhün təmin olunmasına əyani dəstəkdir. Hərtərəfli strateji tərəfdaşlığın dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanması, bu tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter daşımasına şübhə yeri qoymur. 

Bir sözlə, Azərbaycan və Çin arasında imzalanan Birgə Bəyannamə, ikitərəfli münasibətlərdə yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın çoxqütblü dünyada artan rolunu və güclü mövqeyini nümayiş etdirir. Bu tərəfdaşlıq, eyni zamanda, Azərbaycanın regional enerji və nəqliyyat habına çevrilməsi prosesini sürətləndirə və ölkənin geosiyasi mövqeyini gücləndirə bilər. Birmənalı şəkildə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Dövlət başçısı "Sinxua" agentliyinə müsahibəsində bu məqama toxunaraq əminliklə bildirdi ki, qarşıdakı səfər də digərləri kimi Azərbaycanla ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi prosesinə xidmət edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31