Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır- ÖZƏL
18 Aprel 14:57 Siyasət
"Azərbaycan-Gürcüstan münasibətlərini müxtəlif rakurslardan təhlil etdikdə bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün necə böyük əhəmiyyət daşıdığına əmin olarıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: " Gürcüstan prezidentinin Azərbaycana səfərinin yekunları ilə bağlı hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatların ruhu da bu reallıqlara köklənmişdir. Tarixən bizim xalqlarımızın sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadıqlarını vurğulayan prezident İlham Əliyev bütün istiqamətlərdə dövlətlərarası münasibətlərin yüksək dinamikasını qeyd etmişdir. O, bəyan etmişdir ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir: "Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir".