Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı: regionda mühüm təhlükəsizlik və əməkdaşlıq amili
17 Aprel 17:19 SiyasətAprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşlər və verilən bəyanatlar iki dövlət arasında formalaşmış səmimi və konstruktiv münasibətlərin növbəti təzahürü olub. Bu səfər qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan və Gürcüstan arasında formalaşmış münasibətlər tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanır. Bu əlaqələr zamanla genişmiqyaslı strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş, ölkələr arasında formalaşan tərəfdaşlıq modeli regionda sabitlik və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə həyata keçirilən birgə təşəbbüslər həm də Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan verir. Regional və transmilli layihələrin perspektivləri ilə yanaşı, əməkdaşlığın yeni istiqamətləri üzrə müzakirələr yeni imkanlar və uğurlu nəticələrin əldə olunmasına zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.
Xüsusilə, Avrasiya məkanında yeni enerji və nəqliyyat xəritəsinin formalaşmasında Azərbaycan-Gürcüstan tərəfdaşlığının əvəzsiz rolu bu səfər çərçivəsində bir daha təsdiqlənib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələr Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu marşrutların əksəriyyəti Gürcüstandan keçir. Nəqliyyat-kommunikasiya sahəsində həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu və yeni liman infrastrukturları Orta Dəhliz layihəsinin əsas dayaqlarını təşkil edir. Bu layihələr sayəsində Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında ən qısa, həmçinin səmərəli quru və dəniz əlaqəsini təmin edən regional tranzit mərkəzlərinə çevriliblər.
Son dövrlərdə baş tutan yüksək səviyyəli səfərlər və səsləndirilən fikirlər bu strateji münasibətlərin möhkəm təmələ söykəndiyini və gələcəyə yönəlik dayanıqlı inkişaf xəttini nümayiş etdirir. Dövlətimizin başçısı bəyanatda qeyd edib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir: "Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir".
Azərbaycan və Gürcüstan arasında parlamentlərarası dostluq qrupları, XİN-lərarası məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya kimi mexanizmlər ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməkdədir. Hazırda iki ölkə arasında 119 sənəddən ibarət müqavilə-hüquq bazası mövcuddur ki, bu da əməkdaşlığın hüquqi çərçivəsinin möhkəmliyini nümayiş etdirir.
Yeni reallıqlar fonunda region üçün sülh, qarşılıqlı etimad və əməkdaşlıq sabitlik və inkişafın əsas dayaqları kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz hər zaman bir-birinin milli maraqlarını diqqət mərkəzində saxlayır, mühüm məsələlərdə qarşılıqlı dəstək göstərərək ortaq mövqedən çıxış edirlər. Prezident İlham Əliyev bəyanatında Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar edilməsinin Azərbaycan və Gürcüstanın birgə maraqlarında olduğunu vurğulamışdır.
Prezident İlham Əliyev bu günədək Gürcüstana biri dövlət, biri rəsmi, doqquzu işgüzar olmaqla 11 səfər etmişdir. 2023-cü il oktyabrın 8-də baş tutan sonuncu işgüzar səfər və 2015-ci il noyabrın 5-6-da keçirilmiş rəsmi səfər münasibətlərin intensiv xarakterini təsdiqləyir. Ənənəyə uyğun olaraq Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu ölkədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi dövlətlərarasında formalaşmış etimada əsaslanan strateji münasibətlərin əhəmiyyətini bir daha göstərir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı